DÜNYA
Yaponiyanın Baş Naziri pandemiyaya görə şəhərlərin bağlanmasından imtina edib
Tokio, 1 aprel, AZƏRTAC
Yaponiya hökuməti digər ölkələrdən fərqli olaraq, yeni koronavirusun yayılması ilə əlaqədar vəziyyətin kəskinləşəcəyi təqdirdə şəhərlərin məcburi bağlanmasına gedə bilməz.
AZƏRTAC xəbər verir ki, bu barədə Yaponiyanın Baş Naziri Şinzo Abe aprelin 1-də parlamentin aşağı palatasında çıxışı zamanı deyib.
“Biz, məsələn, Fransada olduğu kimi, bütün şəhərin bağlanmasına gedə bilmərik. Bunu başa düşmək lazımdır. Ölkədə vəziyyət kəskinləşəcəyi təqdirdə hökumət tərəfindən atılacaq addımların müxtəlif variantları hazırlanır”, - deyə Ş.Abe bildirib.
Müharibədən sonra ölkənin ilk dəfə belə milli fəlakətlə qarşılaşdığını qeyd edən Baş Nazir, hökumətin məcburi xarakterli addımlar atmaq üçün kifayət qədər səlahiyyətə malik olmadığını da bildirib.
Ş.Abe, həmçinin bəyan edib ki, ölkədə fövqəladə vəziyyət rejimi tətbiq ediləcəyi halda o, parlamentlə məsləhətləşmək niyyətində deyil. “Bu barədə elan çox gərgin şəraitdə ediləcək və bu, həmin qərarın sürətlə qəbul olunmasını tələb edəcək”. Bununla yanaşı, Baş Nazir bir daha ölkədə fövqəladə vəziyyət rejiminin tətbiqi üçün şəraitin hələlik yetişmədiyini bir daha bəyan edib.
Əlavə olaraq qeyd edək ki, martın 31-də Yaponiyada daha 200 koronavirusa yoluxma halı qeydə alınıb. Beləliklə ölkədə bu virusa yoluxanların ümumi sayı üç min nəfərə çatıb.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio