REGİONLAR
Güzəştli dərman preparatları sakinlərin evlərinə aparılır
İsmayıllı, 2 aprel, AZƏRTAC
İsmayıllı rayonunda karantin rejimi şəraitində bəzi xəstəliklərə görə dövlət tərəfindən pulsuz dərman preparatları ilə təmin olunan vətəndaşlara yardımlar evlərində göstərilir.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, İsmayıllıda şəkərli diabet, vərəm, onkoloji və epilepsiya üzrə ümumilikdə 2504 nəfər pulsuz dərmanlarla təmin olunan imtiyazlı xəstə var. Koronavirus (COVID-19) pandemiyasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə ciddi karantin rejimi tətbiq olunduğu şəraitdə insanlar mümkün qədər evdən çıxmamalıdırlar. Belə bir vəziyyətdə rayon icra hakimiyyəti və mərkəzi xəstəxana publik hüquqi şəxs tərəfindən “evdə qal” kampaniyasına dəstək məqsədilə imtiyazlı vətəndaşların dərmanlarla evdə təmin olunmaları barədə qərar qəbul edilib.
Aprelin 1-dən etibarən xəstəxananın, ərazi tibb məntəqələrinin işçiləri, inzibati ərazi dairəsi üzrə nümayəndələrin əməkdaşları, habelə könüllülər tərəfindən bütün yaşayış məntəqələrində imtiyazlı vətəndaşların dərmanları evlərə aparılır.