CƏMİYYƏT
Tədqiqatçı-jurnalist karantin günlərində də məhsuldar işləyir
Bakı, 2 aprel, AZƏRTAC
Son günlər dünyada tüğyan edən koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar “Evdə qal” kampaniyasına tanınmış jurnalist, Bakı Media Mərkəzinin redaktoru, Əməkdar mədəniyyət işçisi Müsəllim Həsənov birincilər sırasında qoşulub. Azərbaycan Xalq Cümhuriyyəti, tariximizin bir sıra digər az öyrənilən səhifələri, eləcə də Bakının memarlıq tarixi haqqında bir sıra maraqlı sənədli filmlərin müəllifi olan M.Həsənov karantin günlərində yaradıcılıq işlərini evdə davam etdirir.
Tanınmış tədqiqatçı-jurnalistin AZƏRTAC-a verdiyi məlumata görə, hazırda maraqlı bədii-sənədli filmin ssenarisi üzərində işləyir: “Bakı Media Mərkəzinin, həmişə olduğu kimi, bu il üçün də maraqlı layihələri var. Bunlardan biri görkəmli tarixi şəxsiyyətlərimizdən biri haqqında film layihəsidir. Hələlik layihənin adını çəkmək istəmirəm. Həmin filmin ssenarisini yazmaq mənə həvalə edilib. Azərbaycan arxivlərində araşdırmaları başa çatdırmışam. Moskva və Peterburqdakı bir neçə arxivdə işləməyə ehtiyac var idi. Lakin təəssüf ki, məlum vəziyyətlə bağlı bu araşdırmaları aparmaq üçün planlaşdırdığımız səfər təxirə salındı. Ona görə də Moskva və Peterburq arxivləri ilə elektron yazışmalara başladıq ki, axtardığımız sənədlərin elektron versiyasını alaq. Bu işdə bizə Azərbaycanın Rusiyadakı səfirliyi, xüsusən səfirliyin əməkdaşı Nigar xanım Axundova yaxından kömək edir. Hazırda müqavilələrin hazırlanması prosesi gedir. Yəni həyat davam edir, “Evdə qal” rejimində çalışırıq”.
Müsəllim Həsənov bu günlərdə, demək olar ki, evdən çıxmadığını deyir: “Çox istəyərdim çıxım, dostlarla görüşüm, iş yerimdə olum, amma koronavirus təhlükəsi, dövlətin biz insanların təhlükəsizliyi naminə atdığı məhdudlaşdırıcı addımlar buna imkan vermir. Bu günlər hər birimizin borcu karantin qaydalarına əməl etmək olmalıdır, nə qədər çətin olsa da...”
Tədqiqatçı-jurnalist evdə günlərinin kifayət qədər qaynar keçdiyini vurğulayır: “Kifayət qədər oxunmalı kitablar, baxılmalı filmlər var. Üstəlik mənim evdə də zəngin arxivim var. Uzun illər müxtəlif arxivlərdə işləyərkən topladığım, amma araşdırmağa, sistemləşdirməyə vaxt tapmadığım materiallar var. Bir sözlə, darıxmağa vaxt yoxdur. Nəzərə alsaq ki, koronavirusun yaratdığı məhdudiyyət rejiminə iki yaşlı nəvəm Arslan Həsənli də xüsusi rəng qatır, mənzərə tam aydınlaşar. Məncə, bu gün xidməti vəzifəsinin icrası ilə bağlı evdən çıxanlar istisna olmaqla, hamımız üçün “Evdə qal”maqdan daha vacib iş olmamalıdır”.