ELM VƏ TƏHSİL
AMEA və İtaliya Milli Tədqiqatlar Şurasının təşkil etdiyi müsabiqənin nəticələri açıqlanıb
Bakı, 2 aprel, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və İtaliya Milli Tədqiqatlar Şurası (CNR) arasında imzalanmış elmi əməkdaşlıq sazişi üzrə müştərək proqram çərçivəsində 2020-2021-ci illər üçün elan edilmiş müsabiqəyə təqdim olunan 16 layihədən 10-u texniki ekspertizadan uğurla keçib.
Akademiyadan AZƏRTAC-a bildirilib ki, AMEA və CNR tərəfindən elmi ekspertizaya göndərilmiş layihələr arasından hər iki tərəfin ekspertləri tərəfindən yüksək qiymətləndirilmiş 4 layihə müsabiqənin qalibi seçilib.
Layihələr müvafiq olaraq AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu ilə İtaliyanın Bitki Genetikası İnstitutu, AMEA-nın Biofizika İnstitutu ilə İtaliyanın Makromolekulyar Tədqiqatlar İnstitutu, AMEA-nın Neft və Qaz İnstitutu ilə İtaliyanın Dəniz Elmləri İnstitutu, eləcə də akademiyanın Coğrafiya İnstitutu ilə İtaliyanın Dəniz Mühəndisliyi İnstitutu arasında icra olunacaq.