CƏMİYYƏT
ANAMA: Qazaxda bir ədəd partlamamış mərmi zərərsizləşdirilib
Bakı, 4 aprel, AZƏRTAC
Aprelin 3-də saat 15:20-də Dövlət Sərhəd Xidmətindən Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Qazax rayonu, Kəmərli kəndi ərazisində 1 ədəd partlamamış mərmi başlığının tapılması barədə məlumat daxil olub.
ANAMA-dan AZƏRTAC-a bildirilib ki, məlumata əsasən, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Dövlət Sərhəd Xidmətinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş əraziyə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi sərhədçilər tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd döyüş başlığı (1-M557) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Döyüş başlığının ətrafında 150 kvadratmetr əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.