ELM VƏ TƏHSİL
Fizika İnstitutunda magistrantlar üçün dərslər distant formada tədris olunur
Bakı, 4 aprel, AZƏRTAC
AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin “AMEA-nın magistrantları üçün distant (məsafədən) tədrisin təşkil edilməsi haqqında” sərəncamına əsasən, Fizika İnstitutunda təhsil alan magistrantlar üçün dərslər distant formada tədris olunur.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, elmi müəssisənin birinci kurs magistrantlarına martın 29-dan başlayaraq distant dərslər keçirilir. Dərslər cədvələ uyğun olaraq təşkil edilir.
İkinci kurs magistrantlar isə elmi-pedaqoji təcrübə keçirlər. Təcrübələr fizika üzrə fəlsəfə doktoru, dosent Nadir Mustafayevin rəhbərliyi ilə distant təşkil edilir. Təcrübə məqsədilə magistrantlar ixtisaslarına uyğun olaraq müəllimlərin birinci kurslardakı tədris prosesinə qoşulurlar.
Qeyd edək ki, Fizika İnstitutunda birinci kurslar 9 ixtisas - nəzəri və riyazi fizika, bərk cisimlər fizikası, kvant elektronikası, bioloji sistemlər fizikası, yarımkeçiricilər fizikası, nanoelektronika, nanohissəciklər fizikası, biofizika, atom və nüvə fizikası, ikinci kurslar isə 5 ixtisas - nəzəri və riyazi fizika, kvant elektronikası, bioloji sistemlər fizikası, yüksək enerjilər fizikası və yarımkeçiricilər fizikası üzrə magistratura təhsili alırlar.