REGİONLAR
Füzuli rayonunda koronavirus infeksiyası ilə bağlı qabaqlayıcı tədbirlər və maarifləndirmə işləri gücləndirilib
Füzuli, 4 aprel, AZƏRTAC
Füzuli rayonunda Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq, koronavirus (COVID -19) infeksiyasının geniş yayılmasının qarşısının alınması, xüsusi karantin rejiminin tələblərinə əməl olunması məqsədilə ardıcıl şəkildə qabaqlayıcı tədbirlər və maarifləndirmə işləri aparılır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, koronavirus infeksiyasına yoluxmanın qarşısını almaq, vətəndaşların təhlükəsizliyinin təmin edilməsi və sağlamlığının qorunması məqsədilə sosial izolyasiyanın tətbiqi, habelə fərdi izahetmə-xəbərdarlıq işlərinin aparılması üçün Rayon İcra Hakimiyyətinin, inzibati ərazi nümayəndəliklərinin, bələdiyyələrin əməkdaşlarından, yerli könüllülərdən və ictimaiyyət fəallarından təşkil olunan mobil qrupların fəaliyyəti gücləndirilib. Mobil qruplar tərəfindən Horadiz şəhərində, rayonun qəsəbə və kəndlərində maarifləndirmə-xəbərdarlıq işləri aparılaraq, vətəndaşlardan xüsusi karantin rejiminin qaydalarına əməl etmələri, zərurət olmadıqda evdən çıxmamaları, yalnız təxirəsalınmaz tibbi yardıma ehtiyac olduqda, həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda, əhaliyə xidmət göstərən obyektlərə gedildikdə, məişət tullantıları atıldıqda evdən çıxmaları, ciddi zərurət olmadan şəxsi avtomobillərdən istifadə etməmələri, insanlarla təmas zamanı 2 metrlik ara məsafəsini gözləmələri tövsiyə edilir.
Rayon icra hakimiyyətinin təşəbbüsü ilə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin əməkdaşları və yerli könüllülər tərəfindən rayonun ayrı-ayrı yaşayış məntəqələrində tənha yaşayan, yaşı 65-dən yuxarı olan, həmçinin aztəminatlı ailələrin siyahısı hazırlanıb, onlara ərzaq bağlamalarının və tibbi ləvazimatların paylanması təşkil edilir.
Bundan başqa, rayonun bütün yaşayış məntəqələrində koronovirus infeksiyasına qarşı gündəlik dezinfeksiya işləri də davam etdirilir. Virusdan müdafiə olunmaq qaydalarını özündə əks etdirən xüsusi elanlar hər bir ailəyə çatdırılır, xüsusi səs gücləndiricilər vasitəsilə insanlara zərurət olmadıqca çölə çıxmamaları, şəxsi gigiyena qaydalarına ciddi riayət etmələri və evdə qalmaları izah olunur.