SİYASƏT
Deputat: Azərbaycan koronavirusla mübarizədə təsirli tədbirlər görməyi bacaran ölkələr sırasındadır
Bakı, 4 aprel, AZƏRTAC
Azərbaycan koronavirusa qarşı mübarizədə təsirli və səmərəli tədbirləri görməyi bacaran ölkələr sırasındadır. Bu, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən də qeyd edilir. Hazırda ölkəmizdəki real vəziyyət epidemiyanın daha çox yayılması təhlükəsinin nəzarət altında saxlanıldığından xəbər verir. Ancaq nə qədər ki, vətəndaş məsuliyyəti və sosial məsuliyyət arzuolunan səviyyədə deyil, effektiv nəticədən danışmaq o qədər tezdir. Ona görə də karantin rejiminin tələblərinə əməl etmək hər bir vətəndaşımızın yeni həyat tərzinə çevrilməlidir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib.
O qeyd edib ki, sosial məsuliyyət və təcridolunma, yaxud özünü sosial təcridetmə hazırkı mərhələdə koronavirusa qarşı ən səmərəli “dərman” kimi başa düşülməlidir. “Ancaq təəssüf ki, bəzən hələ də epidemiya təhlükəsini ciddiyə almayanlar var. Artıq belə hallara qarşı tədbirlər sərtləşdirilib və düşünürəm ki, bu, öz nəticəsini verəcək. Ancaq ehtiyac yaranarsa, daha sərt tədbirlərin görülməsi mütləq nəzərdə tutulmalıdır”, - deyə Milli Məclisin deputatı vurğulayıb.
Onun sözlərinə görə, Azərbaycan dövləti təhlükəni azaltmaq üçün kompleks tədbirlər həyata keçirir. Buraya iqtisadi blokda həyata keçirilən tədbirlər də daxildir. Hamıya aydındır ki, epidemiya sosial sahədə ciddi fəsadlar yaratdığı qədər, iqtisadi sektorda da böyük zərərlərə yol açır. Bu istiqamətdə önə çıxan əsas problemlərdən biri də sosial təminatı zəif olan təbəqənin və sahibkarlığın dəstəklənməsi məsələsidir. H.Babaoğlu əlavə edib ki, hazırda bu istiqamətdə də mühüm tədbirlər həyata keçirilməkdədir. İqtisadiyyat Nazirliyi tərəfindən bu sahə üzrə on istiqamətdə xüsusi proqram hazırlanıb. Buraya sahibkarlığın dəstəklənməsindən tutmuş vergi güzəştləri, ipoteka kreditləri, elektrik enerjisinin limitinin artırılması kimi bütöv bir paket daxildir.
“Paketin icrası nəticəsində 300 mindən çox işçinin əməkhaqqının bir hissəsi dövlət tərəfindən ödəniləcək Dövlət dəstəyindən 290 mindən çox mikro və fərdi sahibkar faydalanacaq. Həyata keçirilən bu tədbirlər şübhəsiz ki, ölkəmizdə iqtisadi dinamizmin təmin olunmasına kömək göstərəcək və vətəndaşlarımızın iqtisadi itkilərinin maksimum azaldılmasına xidmət edəcək”,- deyə Hikmət Babaoğlu bildirib.