REGİONLAR
Beyləqan: tibbi-profilaktik vəziyyət ciddi nəzarət altında saxlanılır
Beyləqan, 4 aprel, AZƏRTAC
Respublikamızın hər yerində olduğu kimi, Beyləqan rayonunda da koronavirus infeksiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə profilaktik tədbirlər davam etdirilir. Epidemiya ilə bağlı tibbi-profilaktik vəziyyət ciddi nəzarət altında saxlanılaraq təxirəsalınmaz işlər görülür.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yaradılmış mobil qruplar Beyləqan şəhərində, eləcə də kənd və qəsəbələrdə sakinlərlə profilaktik söhbətlər edir, onlara xüsusi karantin rejimi müddətində həm öz sağlamlıqlarını qorumaları, həm də cəmiyyətdə koronavirus infeksiyasının yayılmasının qarşısını almaq üçün vacib olmadıqda evdən çıxmamaları barədə xəbərdarlıq edilir.
Rayon ərazisində fəaliyyət göstərən qeyri-ərzaq və kənd təsərrüfatı təyinatlı ticarət obyektləri, istirahət parklarına giriş tam məhdudlaşdırılıb. İnfeksiyanın rayon ərazisində yayılmasının qarşının alınması məqsədilə Gigiyena və Epidemiologiya Mərkəzinin həkim və tibb işçiləri tərəfindən Beyləqan şəhərinin prospekt və küçələrində, məhəllədaxili yollarda, həmçinin yaşayış binalarında gündəlik dezinfeksiya işləri aparılır.
Rayonda tənha yaşayan və yaşı 65-dən yuxarı olan, ahıl şəxslərə evlərində sosial-məişət xidmətləri göstərilir. Müxtəlif ərzaq məhsulları ilə təminat, ev təsərrüfatı ilə bağlı təmizlik işlərində, əsas tələbat mallarının, dərman vasitələrinin alınmasında, kommunal ödənişlərin edilməsində onlara köməklik edilir.