REGİONLAR
Daşkəsəndə koronavirus pandemiyasına qarşı hərtərəfli mübarizə tədbirləri həyata keçirilir
Daşkəsən, 7 aprel, Rauf Hacıyev, AZƏRTAC
Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına uyğun olaraq Daşkəsən rayonunda xüsusi karantin rejiminin tələblərinə, habelə sanitar-epidemioloji normalara əməl olunması üçün zəruri tədbirlərin görülməsi davam etdirilir.
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Daşkəsən şəhərinin küçə və prospektlərində, ayrı-ayrı ərazilərdə, yaşayış və inzibati binalarda dezinfeksiya işləri aparılıb.
Rayon icra hakimiyyətinin başçısı Əhəd Abıyev şəhərin marketlərində ərzaq və kənd təsərrüfatı məhsullarının, eləcə də apteklərdə dərman və tibbi ləvazimatların, xüsusilə maska, əlcək və tibbi spirtin satış qiymətləri ilə maraqlanıb. Tapşırığa uyğun olaraq 430 maska və əlcəyin ehtiyacı olan vətəndaşlara çatdırılması təşkil edilib.
Yaradılmış qərargahın üzvlərinin iştirakı ilə rayon ərazisində xüsusi karantin rejiminin tələblərinə ciddi əməl olunması ilə bağlı baxış keçirən rayon icra hakimiyyətinin başçısı sosialyönümlü məsələlərin həllinin nəzarətdə saxlanılmasının vacibliyini vurğulayıb, aztəminatlı ailələrə maddi yardım göstərilib.
Polis maşınlarından səsgücləndiricilərlə koronavirusdan qorunma yolları ilə bağlı çağırışlar olunub, küçəyə icazəsiz çıxmağın qadağan olunduğu bildirilib. Bununla belə sakinlərin vaxtaşırı həkim müayinəsindən keçirilməsi tapşırılıb.
Hazırda rayonda koronavirus infeksiyasına qarşı gündəlik dezinfeksiya işləri aparılır, əhalinin sağlamlığının qorunması, virus infeksiyasının törədə biləcəyi fəsadların qarşısının alınması məqsədi ilə xüsusi karantin rejiminə əməl edilməklə vətəndaşlara evdə qal çağırışı edilir.