REGİONLAR
Naftalanda sakinlərə tibbi spirt, maska və əlcək paylanılıb
Naftalan, 7 aprel, Rauf Hacıyev, AZƏRTAC
Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına uyğun olaraq Naftalan şəhərində xüsusi karantin rejiminin tələblərinə, habelə sanitar epidemioloji normalara qeyd-şərtsiz əməl olunması üçün zəruri tədbirlərin görülməsi davam etdirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov və şəhər polis şöbəsinin rəisi Zaur Bədəlov şəhərin marketlərində ərzaq və kənd təsərrüfatı məhsullarının, eləcə də apteklərdə dərman və tibbi ləvazimatların, xüsusilə maska, əlcək və tibbi spirtin satış qiymətləri ilə maraqlanıb.
İcra hakimiyyətinin başçısı, həmçinin karantin rejimində şəhərdə giriş-çıxışın məhdudlaşdırılması məqsədi ilə yaradılmış postlarda mövcud durumla tanış olub.
Vətəndaşlara bir daha karantin rejiminin qaydalarına riayət olunmasının əhəmiyyəti çatdırılıb, özlərinin və yaxınlarının müəyyən edilmiş qayda və tövsiyələrə əməl edərək sağlamlıqlarını qorumalarının vacibliyi xatırlanıb. Həmçinin şəhər icra hakimiyyətinin təşəbbüsü ilə sakinlərə dəst olaraq, tibbi spirt, maska və əlcək paylanılıb.