CƏMİYYƏT
Binəqədi qəsəbəsində xüsusi karantin rejimi qaydalarını pozan çay evi aşkarlanıb VİDEO
Bakı, 10 aprel, AZƏRTAC
Binəqədi qəsəbəsində xüsusi karantin rejimi qaydalarına zidd olaraq gizli fəaliyyət göstərən çay evi aşkarlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Binəqədi Rayon Polis İdarəsinin 43-cü polis bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı qəsəbədə paytaxt sakini Səfalı Rüstəmovun qanunsuz olaraq özünə məxsus “Buta” adlı çay evi işlətdiyi məlum olub. Obyektə baxış zamanı orada olan müştərilərin xüsusi karantin qaydalarını pozduqları müəyyənləşdirilib. Obyektin sahibi Səfalı Rüstəmov və müştərilər saxlanılaraq rayon polis idarəsinin 43-cü polis bölməsinə gətiriliblər.
Xüsusi karantin qaydalarını pozan müştərilər barədə polis bölməsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə tədbir görülüb və onlar 100 manat miqdarında cərimə ediliblər. Obyektin sahibi Səfalı Rüstəmov qanunsuz əməlinə hüquqi qiymət verilməsi üçün onun barəsində toplanan material məhkəməyə göndərilib.