CƏMİYYƏT
Milli Məclisin Gənclər və idman komitəsi “Evdə qal, evdə yarat” təşəbbüsünə qoşulub
Bakı, 10 aprel, AZƏRTAC
Milli Məclisin Sədr müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyevin təşəbbüsü ilə adıçəkilən komitə Mədəniyyət Nazirliyinin və “Kreativ Azərbaycan” portalının elan etdiyi “Evdə qal, evdə yarat” aksiyasına dəstək verərək, yaradıcılıq bacarığı və xüsusi istedadı olan gəncləri bu tədbirə qoşulmağa çağırır.
Milli Məclisin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, artıq iki mindən çox insan sosial şəbəkələr vasitəsilə “Evdə qal, evdə yarat” təşəbbüsünə qoşulub. Təşəbbüs çərçivəsində insanlar evdə olduğu müddətdə hazırladıqları kreativ məhsulu (rəsm əsəri, video, şeir, musiqi və s.) sosial şəbəkədə #EvdəQalEvdəYarat həştəqini yazmaqla, “Kreativ Azərbaycan” portalının “Facebook” səhifəsini posta işarələməklə paylaşır. Bununla onlar öz yaradıcılıqları ilə koronavirusla mübarizəyə pozitivə fokuslanaraq dəstək verirlər.
Qeyd edək ki, təşəbbüs çərçivəsində ən çox bəyənilən paylaşımların dəyərli hədiyyələr qazanmaq üçün şansı olacaq.
Evdə qalıb evdə yaradaraq virusa birlikdə qalib gələk!
"Evdə qal, evdə yarat" təşəbbüsü ilə bağlı ətraflı məlumat üçün: https://creative.az/az/post/109