MƏDƏNİYYƏT
Respublika Uşaq Kitabxanası ilə şagirdlər arasında online görüş keçirilib
Bakı, 10 aprel, AZƏRTAC
Bakı şəhəri Xətai rayonu 95 nömrəli məktəbinin 3-cü sinif şagirdləri, uşaq yazarı Sevinc Nuruqızı və Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru, Əməkdar mədəniyyət işçisi Şəhla Qəmbərova arasında online görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, görüşün keçirilməsində məqsəd koronavirus infeksiyasının ölkə ərazisində yaratmış olduğu vəziyyətlə əlaqədar kitabxananın virtual xidmət göstərdiyi günlərdə oxuculara saytdan düzgün istifadə qaydalarını izah etmək, evdə qaldıqları müddətdə onlara maarifləndirici tövsiyələr vermək olub.
Görüş zamanı Ş.Qəmbərova uşaqlara uşaq ədəbiyyatından, kitabxananın internet ünvanında edilən yeniliklərdən və onlardan düzgün istifadə qaydalarından eləcə də karantin müddətində kitabxananın həyata keçirdiyi layihələr barədə geniş məlumat verib.
Kitabxananın əhəmiyyətini vurğulayan Ş.Qəmbərova uşaqları daim mütaliəyə və kitab oxuyaraq inkişaf etməyə yönləndirmək baxımından olduqca vacib olduğunu söyləyib.
Uşaq yazarı Sevinc Nuruqızının da iştirak etdiyi görüşdə uşaqlarla maraqlı diskussiyalar aparılıb və onları maraqlandıran bütün suallar ətraflı cavablandırılıb.
Qeyd edək ki, bu cür görüşlərin digər oxucularla da keçirilməsi nəzərdə tutulub.