SİYASƏT
Prezident İlham Əliyev: Türk Şurası ilk beynəlxalq təşkilatdır ki, COVID-19 pandemiyasına həsr olunmuş Zirvə görüşünü keçirir
Bakı,10 aprel, AZƏRTAC
Koronavirus xəstəliyi sərhəd tanımayaraq dünya boyunca yayılıb və faciəvi nəticələrə gətirib çıxarıb.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyev Türk Şurasının videokonfrans vasitəsilə keçirilən fövqəladə Zirvə görüşündə çıxış edərkən bildirib.
Pandemiya səbəbindən ölkələrimizdə və dünyada həyatını itirənlərə rəhmət diləyən və yoluxanların tezliklə şəfa tapmasını arzulayan dövlətimizin başçısı deyib: “Türk Şurası dünya miqyasında ilk beynəlxalq təşkilatdır ki, dövlət başçıları səviyyəsində COVID-19 pandemiyasına həsr olunmuş Zirvə görüşünü keçirir. Bu, bizim nümunəvi səviyyədə olan həmrəyliyimizin növbəti bariz təzahürüdür. Bizi birləşdirən ortaq soykök, tarix, mədəniyyət və milli dəyərlər qarşılıqlı səmərəli fəaliyyətimiz üçün mühüm əsasdır”.