ELM VƏ TƏHSİL
ADA Universitetində “Onlayn və ənənəvi tədris: Oxşar və fərqli cəhətlər” mövzusunda vebinar keçiriləcək
Bakı, 28 may, AZƏRTAC
Mayın 29-da saat 15:00-da ADA Universitetində "Onlayn və ənənəvi tədris: Oxşar və fərqli cəhətlər" mövzusunda vebinar keçiriləcək.
Universitetdən AZƏRTAC-a bildirilib ki, vebinarda ADA Universitetinin Tədris işləri üzrə prorektoru Vəfa Kazdal çıxış edəcək. V.Kazdal onlayn və ənənəvi təhsil arasındakı ortaq və fərqli cəhətlərdən, əsas stereotiplərdən bəhs edəcək, ənənəvi təhsilin rəqəmsallaşdırılmasına, müəllim və tələbələrin yeni növ təlim-tədris prosesinə inteqrasiyasına aydınlıq gətirəcək. O, ADA Universitetinin onlayn təhsillə bağlı əldə etdiyi nailiyyətlərə və universitetin bu istiqamətdəki təcrübəsinə toxunacaq.
Vebinar zamanı iştirakçılar ADA Universitetinin təlim və tədrisin təşkili və metodikası üzrə təqdim etdiyi yeni magistr proqramına qəbulla bağlı maraqlandıqları suallara cavab tapacaqlar. https://bit.ly/3ejsajZ keçidi vasitəsilə təlim və tədrisin təşkili və metodikası üzrə yeni magistr proqramına dair məlumat əldə etmək mümkündür.
Vebinarda iştirak etmək istəyənlərin [email protected] e-mail ünvanına yazaraq qeydiyyatdan keçmələri xahiş olunur. Qeydiyyatdan keçən iştirakçılara vebinara qoşulmaq imkanı yaradılacaq.