SİYASƏT
Almaniya mətbuatında 28 May - Respublika Günü münasibətilə növbəti məqalələr dərc olunub
Berlin, 28 may, AZƏRTAC
Azərbaycan alimi Asif Məsimovun müəllifliyi ilə “freitag.de”, “nex24.news” və “blogs.taz.de” internet portallarında “Birinci Azərbaycan Respublikası” adlı məqalələr çap olunub.
AZƏRTAC xəbər verir ki, məqalələrdə 102 il əvvəl Azərbaycan Demokratik Respublikasının (ADR) yaranması ərəfəsindəki ictimai-siyasi şərait, respublikanın əldə etdiyi nailiyyətlər və süqutuna gətirib çıxaran səbəblərdən bəhs edilir.
Müəllif Azərbaycanın 102 il əvvəl müstəqilliyini elan edərək bütün müsəlman Şərqində ilk demokratik respublika qurduğunu, yarandığı andan etibarən gərgin və ağır ictimai-siyasi şəraitdə fəaliyyət göstərdiyini və mövcudluğunu yalnız 23 ay saxlaya bildiyini qeyd edir. Məqalələrdə respublikanın qısa müddət ərzində müasir siyasi sistem qura bildiyi, milli azlıqlara geniş hüquqlar tanıdığı, ABŞ, Fransa, Almaniya və Böyük Britaniya kimi ölkələrdən əvvəl qadınlara seçki hüququ verdiyi, iqtisadi islahatlar apardığı qeyd olunur. Əlimərdan bəy Topçubaşovun rəhbərliyi ilə Paris Sülh Konfransına ezam olunmuş diplomatik nümayəndə heyətinin apardığı gərgin mübarizə nəticəsində ADR-in müstəqilliyinin de-fakto Antanta Dövlətləri tərəfindən tanındığı vurğulanır.
Daha sonra ADR-in süqutu ərəfəsindəki ağır ictimai-siyasi və beynəlxalq vəziyyətə nəzər salınır, bu xüsusda 1920-ci il aprelin 26-da Bakıda baş vermiş yerli bolşevik üsyanından və mart ayından etibarən Dağlıq Qarabağda baş qaldırmış erməni hərbi qüvvələrinin hücumlarından bəhs edilir.
Məqalələrdə Azərbaycanın sovet işğalına müqavimətsiz təslim olmadığı, 26 may-1 iyun tarixlərində Gəncədə böyük qiyamın baş verdiyi bildirilir. Qiyamın amansız şəkildə yatırıldığı, çoxsaylı insanların tələf olduğu əlavə olunur. Azərbaycanda qurulmuş sovet dövlətinin 1991-ci il oktyabrın 18-dək davam etdiyi, bu tarixdə müstəqilliyin yenidən bərpa olunduğu vurğulanır.
Məqalələrdə hazırkı Azərbaycan Respublikasının özünü ADR-in hüquqi, siyasi və mənəvi varisi hesab etdiyi və bu səbəbdən 28 may tarixinin hər il ölkənin Milli Müstəqillik Günü kimi qeyd olunduğu bildirilir.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin