MƏDƏNİYYƏT
“Xəzərin dalğaları” adlı I Bakı Beynəlxalq Suluboya Festivalının seçim turu başa çatıb
Bakı, 31 may, AZƏRTAC
Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası, IWS Globe-Beynəlxalq Suluboya Cəmiyyətinin Azərbaycan nümayəndəliyi-IWS Azerbaijan və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Könüllülər ili” çərçivəsində Respublika Gününə həsr olunmuş “Xəzərin dalğaları” adlı I Bakı Beynəlxalq Suluboya Festivalında iştirak üçün müsabiqə elan olunmuşdur.
AZƏRTAC xəbər verir ki, mövzusu Azərbaycan olan festivala dünyanın 20-dən çox ölkəsindən 350-ə yaxın suluboyaçı rəssam 500-dən çox əsəri ilə ölkəmizin mətbəxini, maddi və mənəvi abidələrini, sənət və sənətkarlıq nümunələrimizi, geyim tərzi və qəhrəmanlıq nümünələrimizi təsvir ediblər. Sərgilənmək üçün 19 ölkədən 100 rəssamın hər birindən bir əsər olmaqla festıvalda sərgilənmək üçün dəvət olunmuşdur.
Müsabiqə akvarel texnikası ilə çəkilmiş əsərlərə marağı artırmaq, həmçinin təsviri sənətin bu istiqamətində çalışan rəssamların yaradıcılığında Azərbaycanın təbiəti, tarixi abidələri, mədəniyyətini, həmçinin müasir inkişafını dünyaya göstərmək məqsədilə həyata keçirilib.
Münsiflər heyətinin tərkibində Atanur Doğan (Kanada), İlya İbrayev (Rusiya), Nader Mohazabnia (İran),İhor Yurçenko (Ukrayna), Sübhan Məmmədov, Cəlal Ağayev, Xasay Mirzəyev və Səbinə İskəndərova (Azərbaycan) yer alıb. Müsabiqədə birinci yeri Yeketerina Şiliyayeva (Russiya), ikinci yeri İlham Mirzəyev (Azərbaycan) və üçüncü yer Chonkhet Phanwichien (Tailand) tutub.
Müsabiqənin yekun sərgisi COVID-19 pandemiyası ilə əlaqədar tətbiq olunan sosial izolyasiya tədbirləri bitdikdən sonra təşkil olunacaq və kataloq çap ediləcək.