TARİXDƏ BU GÜN


14 OKTYABR

A+ A

2006-cı il. “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq Ədliyyə Nazirliyində qeydiyyatdan keçib. İcma 1992-ci il martın 24-də ATƏM-in Nazirlər Şurasının Helsinkidə keçirilən birinci əlavə görüşündə imzalanmış sənədin 9-cu bəndinə əsasən yaradılıb. “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi 1992-ci ildən başlayaraq Qarabağ münaqişəsinin nizama salınması istiqamətində müxtəlif vaxtlarda aparılan danışıqlarda iştirak edib.

 

1933-cü il. Azərbaycanın Xalq Şairi, Əməkdar İncəsənət Xadimi, Dövlət mükafatı laureatı, tərcüməçi, publisist Məmməd Araz anadan olub (1933-2004). M.Araz 1974-cü ildən ömrünün sonunadək “Azərbaycan təbiəti” jurnalının baş redaktoru olub. Şair 1995-ci ildə “İstiqlal” ordeni ilə təltif edilib. 1993-cü ildən şairin adına "Məmməd Araz" mükafatı təsis olunub. O, “Sevgi nəğməsi” (1959), “Üç oğul atası” (1961), “Araz axır” (1964), “Dünya sənin, dünya mənim” (1983), “Əsgər andı” (2003) kimi bir sıra əsərlərin müəllifidir.

 

1974-cü il. Azərbaycanın Xalq Rəssamı, Əməkdar İncəsənət Xadimi, Dövlət mükafatı laureatı Səttar Bəhlulzadə vəfat edib (1909-1974). Azərbaycan rəssamlıq məktəbinin ən görkəmli nümayəndələrindən olan Səttar Bəhlulzadə yaradıcılığına Əzim Əzimzadənin rəhbərliyi ilə “Kommunist” qəzetində dövrə uyğun məzmunlu ilk karikaturalarının çap olunması ilə başlayıb. Rəssamın əsərləri R.Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyində və Azərbaycan Dövlət Şəkil Qalereyasında, eləcə də Moskva və başqa şəhərlərin muzeylərində saxlanılır. S.Bəhlulzadə "Xəzər üzərində axşam", "Xəzər gözəli", "Əbədi məşəllər", "Kəpəzin göz yaşları", "Vətənimin baharı", "Azərbaycan nağılı” kimi bir çox əsərlərin müəllifidir. Rəssamın fərdi sərgiləri Əlcəzair, Misir, Livan, Suriya Tunis, Norveç, ADR, Çexoslovakiya, Bolqarıstan, İraq, Kuba, Kanada, Belçika, Fransa, Yaponiya və başqa ölkələrdə nümayiş etdirilib. Dünyanın onlarla muzeylərində S.Bəhlulzadənin əsərləri daimi eksponatlar sırasındadır. Rəssam haqqında “Bu, Səttar Bəhlulzadədir” (1969), “Səttar Bəhlulzadə” (1988) və s. filmlər çəkilib.

 

14 oktyabr-Dünya Standartlaşdırma Günüdür. Beynəlxalq Standartlaşdırma Təşkilatının (İSO) yaranması haqqında qərar 1946-cı ildə Londonda 25 ölkədən 65 nümayəndə heyətinin iştirak etdiyi konfransda qəbul olunub. Bu günün qeyd olunması isə 1970-ci ildə İSO prezidenti Faruk Sunterin təklifi ilə, standartlaştırmanın dünya iqtisadiyyatındakı rolunun vacibliyini vurğulamaq məqsədilə qərara alınıb. Azərbaycanda texniki tənzimləmə, standartlaşdırma sahəsi ilə bağlı dövlət siyasətini həyata keçirən Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (SMPDK) 2010-cu il yanvarın 1-dən Avropa Standartlaşdırma Komitəsinin (CEN) müşahidəçi qismində üzvüdür. 2011-ci ildən komitə Azərbaycanın adından Beynəlxalq Elektrotexniki Komissiyanın (İEC) tərəfdaş üzv ölkə proqramına qoşulub.

1884-cü il. Amerikalı biznesmen Jorj İstman fotolenti patentləşdirib. J.İstman “Eastman Kodak” şirkətinin tərtibatçısı və qurucusudur.

 

1905-ci il. Beynəlxalq Aeronavtika Federasiyasının əsası qoyulub. 1905-ci il oktyabrın 12-də Parisdə aeronavtika üzrə beynəlxalq konfrans keçirilib. Almaniya, Böyük Britaniya, İtaliya, İspaniya, ABŞ kimi bir sıra ölkələrin nümayəndələrinin iştirak etdiyi tədbirdə bu federasiyanın təsis olunması haqda qərar qəbul olunub. Qəbul olunmuş qərara əsasən təşkilat 1905-ci il oktyabrın 14-dən idman federasiyası kimi fəaliyyətə başlayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.

Bölmənin digər xəbərləri
03.12.2016 [09:00]
02.12.2016 [09:00]
01.12.2016 [09:00]
30.11.2016 [09:00]