SİYASƏT
14 iyul Azərbaycan xalqının tarixi taleyində heç vaxt unudulmayacaq bir gündür
Bakı, 14 iyul, AZƏRTAC
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin siyasi hakimiyyətə gəlməsinin 47-ci ildönümü münasibətilə Suraxanı Rayon İcra Hakimiyyəti Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatı ilə birgə tədbir keçirib.
Tədbirdə çıxış edən rayon icra hakimiyyəti başçısının birinci müavini Rəşad Hacıyev qeyd edib ki, iyulun 14-ü xalqımızın tarixi taleyində oynadığı misilsiz rolu ilə həmişə xatırlanır və heç vaxt unudulmayacaq günlərin sırasına həkk olub. 1969-cu il iyulun 14-ü ulu öndər Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəldiyi gündür. 1969-1982-ci illərdə Azərbaycan Sovet Sosialist Respublikasına, 1993-2003-cü illərdə müstəqil Azərbaycana rəhbərlik etmiş Ulu Öndər istər Sovetlər Birliyi dövründə, istərsə də müstəqillik illərində Vətəninə, xalqına sədaqətlə, ləyaqətlə xidmət edib. Azərbaycanı müstəqil dövlət quruculuğuna aparan kəşməkəşli və şərəfli yol Heydər Əliyevin ölkəmizə birinci rəhbərliyi dövründən başlayır. Ulu Öndər respublikaya rəhbərliyinin ilk illərindən qazandığı uğurlarla xalqını, dövlətini sevən rəhbər olduğunu sübuta yetirib. Fitri istedadı, yüksək təşkilatçılıq və idarəçilik məharəti ilə Azərbaycanı cəmi bir neçə ilə dinamik inkişaf yoluna çıxarmağa müvəffəq olub. İdarəçilikdə mütərəqqi yeniliklərin tətbiqi, milli kadrların önə çəkilməsi yolu ilə cəmiyyətin normal inkişaf ahəngini təmin edib.
Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov çıxışında qeyd edib ki, hər bir xalqın milli mənəvi irsini, əxlaqi dəyərlərini, genetik yaddaşını gələcək nəsillərə ötürmək missiyası kimi çətin və məsuliyyətli vəzifənin gerçəkləşməsində fenomenal şəxsiyyətlərin rolu əvəzsizdir. Heydər Əliyev belə şəxsiyyət olmaqla bu baxımdan xalqımız üçün bənzərsiz və unudulmazdır. Ümummilli Lider Azərbaycanın dövlət müstəqilliyinin dönməzliyini təmin etməklə yanaşı, xalqımızın və dövlətimizin ideoloji xəttini, söykənəcəyi təməl prinsiplərini irs olaraq müəyyənləşdirib. Azərbaycan xalqı Heydər Əliyevin qurub yaratdıqlarından bəhrələnir və bundan sonra da çox-çox illər bəhrələnəcək.
Suraxanı rayon Gənclər və İdman İdarəsinin rəisi Amil Bağırov deyib ki, bu gün ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə düşünülmüş və məqsədyönlü gənclər siyasəti uğurla aparılır. Bu siyasətin təməlində Ulu Öndərin tövsiyələri dayanır. Görülən işlərin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri çox böyük işlərə imza atırlar, cəmiyyətdə mühüm rol oynayırlar.
Yeni Azərbaycan Partiyası Suraxanı rayon Gənclər Birliyinin üzvləri Arzu Həsənzadə və Arzu Məmmədli bildiriblər ki, 1969-cu il iyulun 14-də siyasi hakimiyyətə gələn ulu öndər Heydər Əliyev ölkədə elmin və təhsilin yüksəlməsinə, yeni ali məktəblərin və ali məktəblərdə yeni ixtisasların açılmasına, Azərbaycan gəncinin mükəmməl bilik və ixtisas alaraq cəmiyyətin fəal üzvünə çevrilməsinə hər cür şərait yaradıb. Həmin siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Sonda Suraxanı rayonu Heydər Əliyev Mərkəzinin sifarişi ilə hazırlanmış “Əyilməz iradə” filmi nümayiş etdirilib.