REGİONLAR
14 iyul Azərbaycanda milli intibahın başlanğıc tarixidir
Göyçay, 13 iyul, Şahnəzər Bəşirov, AZƏRTAC
Ulu öndər Heydər Əliyevin ilk dəfə Azərbaycanda siyasi hakimiyyətə gəlməsinin ildönümü münasibətilə Göyçay Rayon İcra Hakimiyyəti və YAP rayon təşkilatının birgə təşkilatçılığı ilə “14 iyul Azərbaycanda milli intibahın başlanğıc tarixidir” mövzusunda elmi-nəzəri konfrans təşkil olunub.
AZƏRTAC xəbər verir ki, YAP rayon təşkilatında keçirilən tədbirin iştirakçıları əvvəlcə dahi şəxsiyyət Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər. Konfransda çıxış edən Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə, YAP rayon təşkilatının sədri Sahib Şükürov ulu öndər Heydər Əliyevin 1969-cu ildə ilk dəfə hakimiyyətə gəlişindən, ölkəmizin inkişafında onun əvəzsiz xidmətlərindən danışıblar. Bildirilib ki, Azərbaycanı müstəqil dövlət quruculuğuna aparan şərəfli yol ulu öndər Heydər Əliyevin ölkəmizə birinci rəhbərliyi dövründən başlayır. Ulu öndər Heydər Əliyev respublikaya rəhbərliyinin ilk illərində qazandığı uğurlarla xalqını, dövlətini sevən rəhbər olduğunu sübuta yetirib. O, yüksək təşkilatçılıq və idarəçilik məharəti ilə Azərbaycanı cəmi bir neçə ilə dinamik inkişaf yoluna çıxarmağa müvəffəq olub. İdarəçilikdə mütərəqqi yeniliklərin tətbiqi, milli kadrların önə çəkilməsi yolu ilə cəmiyyətin normal inkişaf ahəngini təmin edib.
Dahi şəxsiyyət Heydər Əliyev ölkədə elmin və təhsilin yüksəlməsinə, yeni ali məktəblərin və ali məktəblərdə yeni ixtisasların açılmasına, Azərbaycan gəncinin mükəmməl bilik və ixtisas alaraq cəmiyyətin fəal üzvünə çevrilməsinə hər cür şərait yaradıb. Ümummilli Liderin o dövrdə həyata keçirdiyi geniş quruculuq işləri strateji xarakter daşıyıb, Azərbaycanın bugünkü müstəqilliyinə xidmət edib. Natiqlər Ulu Öndərin bu siyasətinin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıblar.
Tədbir məruzələrlə davam etdirilib.