İDMAN
Rauf Məmmədov: İdmanın digər növləri ilə müqayisədə onlayn şahmat yarışının təşkili daha rahatdır
Bakı, 31 may, AZƏRTAC
Koronavirus pandemiyası dövründə idmanın bütün növləri kimi, şahmat yarışları da təxirə salındı. Azsaylı ölkələrdə şahmat üzrə onlayn yarışlar təşkil olunur. Sevindirici haldır ki, ölkəmizdə əvvəlcə “Azərbaycan Kuboku”, sonra isə Respublika Gününə həsr olunan “İpək Yolu Kuboku” keçirildi. Onlayn turnirdə 55 şahmatçı iştirak etdi ki, onlardan 36-sı qrossmeyster idi. Kifayət qədər samballı məbləğ – 20 min avro məbləğində mükafat fondu təyin olunmuşdu. Biz şahmatçıları düşündükləri üçün təşkilatçılara – Azərbaycan Şahmat Federasiyasına, FIDE-nin vitse-prezidenti Mahir Məmmədova və təbii ki, SOCAR-a təşəkkür edirəm.
AZƏRTAC xəbər verir ki, bunu blits üzrə onlayn “İpək Yolu Kuboku” turnirinin qalibi Rauf Məmmədov yarışla bağlı təəssüratlarını bölüşərkən deyib.
Azərbaycan və Gürcüstan şahmatçılarının iştirakı ilə keçirilən turnirdə qələbəsindən danışan zəka ustası ikinci turda ötən il 14 yaşlılar arasında dünya çempionu adını qazanan Aydın Süleymanlıya uduzmasına baxmayaraq, məhz onun köməyi sayəsində qalib olduğunu deyib: “Aydın Süleymanlı çox güclü şahmatçıdır. Artıq onun bizə yaxınlaşdığını hiss edirik. İkinci turda Aydına uduzandan sonra vəziyyət dəyişdi. Şanslarım bir qədər azaldı. Amma üçüncü turda Şəhriyar Məmmədyarov kimi qrossmeysterə qalib gəldim. Məhz ona qalib gələndən sonra düşündüm ki, turniri xeyrimə həll edə bilərəm. Sonuncu turda Aydın Süleymanlı Gürcüstan təmsilçisi Bahadur Cobavay ilə heç-heçə oynadı. Hərçənd oyunun əvvəlində vəziyyət o qədər də yaxşı deyildi. Aydın heç-heçə etməklə mənə qələbə qazanmaq üçün şərait yaratdı. Bundan sonra nəticə özümdən asılı idi. Gürcüstan təmsilçisi Nika Volkovu məğlub etməklə birinci yeri tutdum”.
Şəhriyar Məmmədyarovun dünyanın aparıcı şahmatçılarından olduğunu vurğulayan R.Məmmədov bildirib ki, klassik şahmatda onunla bacarmaq çətindir. Blitsdə vəziyyət fərqlidir. Məncə, blitsdə uğur qazanmaq üçün bəxtin olmalıdır. Şəhriyarla oyunda bəxt mənim tərəfimdə idi. Mənim bəxtim bir az çox gətirdi. Sözsüz, həmin turdan sonra öz gücümə daha çox inandım.
Onlayn turnirlərin adi yarışlarla fərqindən söz açan şahmatçımız qeyd edib: “Şahmatı internet üzərindən oynamaq rahatdır. İdmanın digər növlərindən fərqli olaraq onlayn şahmat yarışı keçirmək daha münasib görünür. Təyyarəyə bilet alaraq yola çıxmırsan, evdə internetlə istənilən yarışda iştirak etmək olar. Bununla belə, klassik şahmat yarışları başqadır. Karantin rejiminin tezliklə başa çatacağına inanıram. Yarışlar üçün darıxmışıq.
Yeri gəlmişkən, bir çox şahmatçılar məhz turnirlərdə iştirakla maddi vəziyyətlərini yaxşılaşdırırlar. Turnirdə yaxşı çıxış etməklə normal pul qazanmaq imkanı olur. Azərbaycan Şahmat Federasiyasının təşkil etdiyi “Azərbaycan Kuboku”, “İpək Yolu Kuboku” turnirləri bu baxımdan bizə kömək oldu. Ümid edirəm ki, növbəti ay daha bir turnir təşkil olunacaq”.