ELM VƏ TƏHSİL
“Dialoq mədəniyyəti və müasirlik” kitabı işıq üzü görüb
Bakı, 31 may, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi Şölət Zeynalovun “Dialoq mədəniyyəti və müasirlik” kitabı işıq üzü görüb.
AZƏRTAC xəbər verir ki, kitab dialoq və dialoq mədəniyyəti probleminə həsr olunub. Mədəniyyət, sivilizasiya, kommunikasiya, dinlərin qarşılıqlı münasibətləri, elm və bilik, insanın etik, ekzistensial və s. problemləri monoqrafiyanın əsas xəttini təşkil edir.
Dialoq fəlsəfəsi və dialoq mədəniyyəti tədqiqatda xalqlar, millətlər, sivilizasiyalar və insanlararası münasibətlərin yeni mərhələyə yüksəldilməsi, sülh və harmoniyaya yönəldilməsi işində katarsis kimi təqdim edilir.
Kitabda “Azərbaycan modeli”, “Bakı prosesi” paradiqmasının ideya əsaslarına, Dağlıq Qarabağ probleminin mənbələri və nizamlanma perspektivinə dialoq kontekstində real fəlsəfi-siyasi baxış əks olunub.
Avropa nəşriyyatında işıq üzü görən kitabın elmi redaktoru professor İlham Məmmədzadə, rəyçiləri professorlar Əlikram Tağıyev və Sakit Hüseynovdur.
Monoqrafiya dialoq, dialoq mədəniyyəti, kommunikasiya, sülh və təhlükəsizlik və s. humanitar problemlə məşğul olan, alim, tədqiqatçı, dissertant, tələbə və geniş oxucu kütləsi üçün nəzərdə tutulur.