CƏMİYYƏT
Uşaq hüquqlarının qorunması təkcə dövlətin deyil, həm də cəmiyyətin öhdəliyindədir
Bakı, 1 iyun, AZƏRTAC
Uşaqlar dünyanın sevinci, ən dəyərli varlıqlarıdırlar. Dünyamızın gözəlləşməsi, insanların xoşbəxtlik və səadəti uşaqların hüquqlarının qorunması və sağlam şəkildə yetişdirilməsindən asılıdır. Bu baxımdan bu gün uşaq hüquqlarının müdafiəsi dünyada ən aktual məsələlərdən birinə çevrilib. Unutmayaq ki, uşaq hüquqlarının qorunması təkcə dövlətin deyil, həm də cəmiyyətin, biz böyüklərin öhdəliyindədir.
Bu sözləri KİV-lərə açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.
Deputat qeyd edib ki, cəmiyyətin təməli, dövlətin kiçik modeli adlandırılan ailənin sevinci, nəşə qaynağı olan uşaqlar ölkəmizdə daim yüksək qayğı, diqqət və nəvaziş ilə əhatə olunublar.
“Uşaqlar cəmiyyətin ən gözəl hissəsidir. Hər bir insan, hər ana, hər ata öz xoşbəxtliyini, birinci növbədə öz uşağında, öz övladında görür. Ailədə yeni uşağın dünyaya gəlməsi ailə üçün bütün sevinclərdən üstündür, çünki insan yaşayır, yaradır və cəmiyyətin gələcəyini yaradır. Mənim üçün hər bir ailədə uşağın dünyaya gəlməsi və bu ailənin sevinci elə mənim sevincimdir. Mənim üçün hər bir uşağın həyatı bizim ümumi cəmiyyətin həyatıdır”. Bu sözləri deyən ulu öndərimiz Heydər Əliyev bütün həyatı boyu uşaqlardan öz qayğısını əsirgəmədi, onların gələcəyini təmin edən mühüm fərman və sərəncamlara imza atdı, onların uğurlarına sevindi, onlarla birgə keçirdiyi anları həyatının ən xoşbəxt məqamı olduğunu dilə gətirdi. Dahi şəxsiyyətin sabahımız olan uşaqlara göstərdiyi diqqət və qayğı bu gün onun layiqli davamçısı, dövlətimizin basçımız İlham Əliyev və Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə uşaqların dövlət səviyyəsində müdafiə olunması və onlara qayğı göstərilməsi istiqamətində çoxsaylı işlər görülüb. Azərbaycan uşaqların maraqlarının qorunması ilə bağlı üzərinə beynəlxalq öhdəlik götürüb. BMT-nin Uşaq Hüquqları Konvensiyasına qoşulmuşuq. Uşaq hüquqlarının müdafiəsi ilə bağlı Azərbaycanda qanunvericilik bazası formalaşıb, “Uşaq hüquqları haqqında” Qanun və digər normativ-hüquqi aktlar qəbul edilib.
Naqif Həmzəyev, həmçinin bildirib: “Uşaq hüquqlarının qorunmasında əsas məsuliyyət ailənin üzərinə düşür. Dili dualı Azərbaycan anaları övladlarının başına pərvanə kimi dolanıb, onları laylalarla, bayatılarla, oxşamalarla əzizləyiblər. Vətən, millət təəssüblü atalarımız övladlarını elə tərbiyə etməyə çalışıblar ki, birinci növbədə ana Vətən üçün gərəkli olsunlar, dar gündə doğma torpağın keşiyini çəkib onu yağı düşmənlərdən qorusunlar, Vətənin başından bir tükün belə əksik olmasına imkan verməsinlər. Min illər boyu bu adət-ənənə öyüd- nəsihətlər, nəsildən-nəsilə ötürülərək bu günümüzə qədər gəlib çıxıb. Bu müqəddəs öyüd-nəsihətlərlə böyüyən fidanlar sonradan beyrəklərə, qazanlara, babəklərə, koroğlulara, mehdilərə, əliflərə, fəridlərə, mübarizlərə... çevrilib, öz hüquqlarını qoruyublar”.
Fürsətdən istifadə edərək 1 İyun - Uşaqları Beynəlxalq Müdafiə Günü münasibətilə gül balaları ürəkdən təbrik edən deputat deyib: “Bilirik ki, dünyadakı bütün uşaqlar eyni hüquqlara, eyni valideyn nəvazişinə, yüksək səviyyəli təhsilə malik deyillər. Arzu edirəm, Yer üzündə valideyn himayəsindən məhrum uşaqların, hər gün yaxınları tərəfindən fiziki və mənəvi işgəncələrə məruz qalan azyaşlıların, müharibə şəraitindəki ölkələrdə ac və susuz şəraitdə yaşayan körpələrin problemləri birdəfəlik həll edilsin, dünyanın hər yerində uşaqlar xoşbəxt və bəxtəvər böyüsünlər”.