CƏMİYYƏT
Paytaxtın Səbail və Sabunçu rayonlarında avtomobillərdən oğurluq edən şəxslər yaxalanıblar
Bakı, 1 iyun, AZƏRTAC
Bakının Səbail və Sabunçu rayonlarında avtomobillərdən oğurluq edən şəxslər tutulublar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, mayın 29-da Səbail rayonu ərazisində “Renault” markalı avtomobildən 560 manat dəyərində mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Abdullayev Səbail Rayon Polis İdarəsinin 39-cu polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
Mayın 31-də Sabunçu qəsəbəsi ərazisində “Niva” markalı avtomobildən 600 manat dəyərində mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş V.İsmayılov isə Sabunçu Rayon Polis İdarəsinin 12-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yaxalanıb.
Hər iki faktla bağlı araşdırmalar davam etdirilir.