İQTİSADİYYAT
Bərbərxana və gözəllik salonları sahibləri ilə onlayn görüş keçirilib
Bakı, 1 iyun, AZƏRTAC
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) əməkdaşları bərbərxana və gözəllik salonu fəaliyyəti ilə məşğul olan sahibkarlıq subyektləri ilə onlayn görüş keçirib.
KOBİA-dan AZƏRTAC-a bildirilib ki, görüşdə bərbərxana və gözəllik salonları üçün onlayn növbə sisteminin yaradılmasına, bu sistemin tətbiqi imkanlarına dair sahibkarlarla müzakirələr aparılıb. Həmçinin onlayn görüş çərçivəsində KOBİA-nın nümayəndələri xidmət sektorunda, o cümlədən bərbərxana və gözəllik salonlarında zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə riayət edilməsinin, xidmət sahələrində işçilər və müştərilər üçün lazımi şərait yaradılmasının və qoruyucu vasitələrdən (əlcək, tibbi maska, dezinfeksiyaedici materiallar və sair) istifadənin vacibliyini diqqətə çatdırıb, xidmət sahələrində koronavirus infeksiyasının yayılmasının qarşısının alınması profilaktikasına dair metodiki göstərişlər barədə məlumat veriblər.