ELM VƏ TƏHSİL
Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi elektron qaydada aparılacaq
Bakı, 1 iyun, AZƏRTAC
İş yerini dəyişmək istəyən müəllimlərlə müsahibə və ya imtahanın keçirilməsi nəzərdə tutulmayıb. Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi bir mərhələdə, proqram təminatı tətbiq olunmaqla elektron qaydada həyata keçiriləcək.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumat Təhsil Nazirliyinin rəsmi saytında yer alıb. Məlumata görə, namizəd elektron qeydiyyatdan keçərkən yalnız öz ixtisasına uyğun olaraq 4 vakant yer seçə biləcək. Yerdəyişmə müsabiqəsində uğur qazanan müəllimlər cari ildə keçiriləcək işə qəbul müsabiqəsində də iştirak edə bilərlər.
Qeyd edək ki, bu gündən Təhsil Nazirliyi sisteminə daxil olan dövlət ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinə başlanılıb. Müsabiqədə iştirak etmək istəyən namizədlər www.miq.edu.az/yerdeyishme linki vasitəsilə qeydiyyatdan keçməlidirlər. Elektron sənəd qəbulu iyunun 5-i saat 23:59-da başa çatacaq.