CƏMİYYƏT
“Tələbə sual verir” layihəsinə start verilib
Bakı, 1 iyun, AZƏRTAC
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) yeni növ koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar xüsusi karantin rejimi dövründə müxtəlif ali təhsil müəssisələrinin tələbələrindən daxil olan çoxsaylı sorğu və müraciətləri nəzərə alaraq, “Tələbə sual verir” layihəsinə start verib.
ATGTİ-dən AZƏRTAC-a bildiriblər ki, layihə çərçivəsində tələbələrdən daxil olan suallar ümumiləşdirilərək Təhsil Nazirliyi ilə əlaqələndirmə çərçivəsində cavablandırılır və qısa məlumatlandırıcı videoçarxlar formatında təqdim olunur.
Qeyd edək ki, yeni növ koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar ölkəmizdə tətbiq edilmiş karantin rejimi səbəbindən ali təhsil müəssisələrində tədris prosesində tələbələrin üzləşdikləri çətinliklərin aradan qaldırılmasına dair Azərbaycan Respublikası Prezidentinin tapşırığının icrası istiqamətində aidiyyəti qurumlar tərəfindən müxtəlif tədbirlər görülür. Bu tədbirlər çərçivəsində Nazirlər Kabinetinin pandemiyanın təhsil müəssisələrində tədris prosesinə mənfi təsirinin aradan qaldırılması ilə bağlı bəzi tədbirlər barədə 19 may tarixli müvafiq qərarı da yer alıb. Həmin qərarla bakalavriat və magistratura səviyyələrində imtahan sessiyalarının təşkili, tələbələrin biliyinin cari və aralıq qiymətləndirilməsi, dövlət attestasiyasının keçirilməsi qaydaları müəyyən edilib.
Layihə ilə bağlı məlumatlandırıcı videolarla ATGTİ-nin sosial media hesabları (https://www.instagram.com/atgti_asyou/ və https://www.facebook.com/atgti/) vasitəsilə tanış olmaq mümkündür.