ELM VƏ TƏHSİL
Milli Azərbaycan Tarixi Muzeyində tanınmış arxeoloq Davud bəy Şərifova aid fotoşəkillər qorunur
Bakı, 2 iyun, AZƏRTAC
AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində (MATM) ilk arxeoloqlarımızdan biri, tanınmış muzey təşkilatçısı, pedaqoq, coğrafiyaşünas Davud bəy Şərifova aid fotoşəkillər qorunur. Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib.
Bildirilib ki, Davud bəy Şərifov 1920-ci il 28 aprel işğalından sonra Azərbaycan Dövlət Pedaqoji İnstitutunda müəllim kimi fəaliyyətə başlayır. 1922-ci ildə Azərbaycan Dövlət Muzeyinə (indiki MATM) işə qəbul olunur.1923-cü ildə D.Şərifov muzeyin direktoru vəzifəsinə yüksəlir. Onun təşkilatçılığı ilə Tiflis, Moskva və Sankt-Peterburq muzeylərinin fondlarından Azərbaycanın tarix və mədəniyyətinə aid müxtəlif bədii sənət nümunələri, eksponatlar muzeyə gətirilir. O, yeni ekspozisiya zallarının açılması, xüsusilə muzey işi, o cümlədən diyarşünaslıq profilli muzeylərin yaradılması istiqamətində iş aparır. Arxeoloji tədqiqatlarda da yaxından iştirak edən D.Şərifovun apardığı axtarışların nəticəsi olaraq onun “Yaloylutəpədə qazıntılar” monoqrafiyası işıq üzü görür. Alimin başçılıq etdiyi ekspedisiyalarda qədim Qəbələ şəhərinin tədqiqi xüsusi yer tutur.
Alimin əhəmiyyətli axtarışları və əldə etdiyi nailiyyətlər antimilli düşüncəli insanların narahatlığına səbəb olur və o, 1928-ci ildə muzeyin direktorluğundan uzaqlaşdırılır, bir daha arxeoloji araşdırmalara buraxılmır. Əvəzində sonradan daha böyük təəssüf doğuracaq hal baş verir. Belə ki, ermənilər muzeyə rəhbər təyin olunurlar. Onların rəhbərliyi dövründə D.Şərifov tərəfindən böyük çətinliklə əldə edilən bir çox dəyərli tarix yadigarları Moskvaya - İnqilab Muzeyinə daşınır. Sovet rejimi Davud Şərifovu çox sevdiyi işindən uzaq salsa da, onun alim və pedaqoq kimi yetişməsinə mane ola bilmir və yorulmaz alim 1950-ci ildə coğrafiya sahəsində namizədlik dissertasiyası müdafiə etməyə nail olur.
Görkəmli maarifpərvər pedaqoq, arxeoloq, alim D.Şərifov 1952-ci ildə vəfat edib. Onun xatirəsi bir zamanlar direktoru olduğu muzeydə qorunur və təbliğ edilir. 2017-ci ildə muzeyin direktoru, akademik Nailə Vəlixanlının elmi redaktorluğu, tarix üzrə elmlər doktoru Nərgiz Əliyevanın, tarix üzrə fəlsəfə doktoru Nasir Quluzadənin və Emin Məmmədovun həmmüəllifliyi ilə “Davud bəy Şərifov” kitab-albomu nəşr olunub. D.Şərifovun 130 illiyinə həsr olunmuş kitab-albomda görkəmli alimin həyat və yaradıcılığı haqda geniş məlumat və fototəsvirlər verilib, arxiv sənədlərindən, o cümlədən MATM-ın arxiv materiallarından istifadə olunub.