CƏMİYYƏT
Yasamalda qadının çantasını soyğunçuluq yolu ilə alan şəxslər yaxalanıblar VİDEO
Bakı, 3 iyun, AZƏRTAC
Yasamal rayonunun Şərifzadə küçəsi 69 ünvanında paytaxt sakini olan qadına qarşı soyğunçuluq edilib. Naməlum şəxslər xanıma yaxınlaşıb ona zor tətbiq etməklə əlindən içərisində 450 manat olan çantasını alıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, zərərçəkən Yasamal Rayon Polis İdarəsinin 28-ci polis şöbəsinə şikayət edərək cinayəti törədən şəxslərin tapılaraq məsuliyyətinə cəlb olunmasını xahiş edib. Hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakinləri - əvvəllər məhkum olunmuş Ramil İsmayılov və Bəxtiyar Hacıyev bölmə əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutularaq istintaqa təqdim olunublar.
Saxlanılan şəxslər ifadələrində hadisə günü zərərçəkəni metronun “20 Yanvar” stansiyasının yaxınlığında bankomatlardan birindən pul çıxararkən gördüklərini və bundan sonra onu izləyərək həmin cinayəti törətdiklərini bildiriblər.
Faktlarla bağlı rayon polis idarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir. Hazırda dəstə üzvlərinin digər oxşar cinayətlərdə iştiraklarının olub-olmaması istintaq yolu ilə araşdırılır.