İDMAN
Azərbaycan Milli Paralimpiya Komitəsinin videokonfrans formatında ümumi yığıncağı keçirilib
Bakı, 3 iyun, AZƏRTAC
İyunun 3-də Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) videokonfrans şəklində ümumi yığıncağı keçirilib.
APMK-dan AZƏRTAC-a bildiriblər ki, yığıncaqda komitənin Milli Abilimpiya Federasiyasının və “Azərbaycan Respublikası Müyəssərliyin Qiymətləndirilməsi Mərkəzi” MMC-nin yaradılmasında təsisçi kimi iştirakı müzakirə olunub.
AMPK-nın prezidenti İlqar Rəhimov yığıncaq iştirakçılarına müraciətindən sonra gündəmdəki məsələlər müzakirə edilib.
Müzakirələrdə komitənin vitse-prezidenti İlham Zəkiyev, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinin direktoru Rəhilə Həsrətova, AMPK-nın üzgüçülük idmanı üzrə baş məşqçisi Alaverdi Culfayev, Boccia İdman Federasiyasının baş katibi İlham Məhərrəmov və “İstedadlı Əlillər” İctimai Birliyinin sədri Cavad Qasımov çıxış ediblər.
Səsvermə nəticəsində AMPK-nın Milli Abilimpiya Federasiyası və “Azərbaycan Respublikası Müyəssərliyin Qiymətləndirilməsi Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin yaradılmasında təsisçi kimi iştirakı qəbul olunub.