CƏMİYYƏT
Baş Dövlət Yol Polisi İdarəsi fiziki və hüquqi şəxslərə müraciət edib
Bakı, 3 iyun, AZƏRTAC
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) sərnişindaşıma fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə, habelə ictimai nəqliyyat vasitələrindən istifadə edən sərnişinlərə müraciət edib.
İdarədən AZƏRTAC-a bildiriblər ki, ölkə ərazisində yeni növ koronavirus (COVID-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə müəyyən edilmiş sosial məsafəni gözləmək şərtilə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməməsinin məsuliyyətə səbəb olması ilə bağlı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müvafiq qərar qəbul edilib. Bu tələblərin pozulmasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə iyunun 2-də dəyişiklik edilərək inzibati məsuliyyət müəyyənləşdirilib.
Bunu nəzərə alaraq, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi hərəkət iştirakçılarının nəzərinə çatdırır ki, xüsusi karantin rejimində şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişindaşımada istifadə olunan taksi və avtobuslarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməməklə epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinə əsasən fiziki şəxslər 50 manat, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər 200 manat, həmin xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə isə həmin Məcəllənin 211.3-cü maddəsinə əsasən fiziki şəxslər 100 manat, vəzifəli şəxslər 200 manat, hüquqi şəxslər 400 manat məbləğində cərimə ediləcəklər.