CƏMİYYƏT
Narkolepsiya xəstələri xüsusi təhlükəli məkanlarda işləməməlidirlər
Bakı, 3 iyun, AZƏRTAC
Əksər insanlarda günün müxtəlif vaxtlarında yuxulama halı müşahidə edilir. Həmin halın yorğunluqla əlaqədar olduğu düşünülsə də, ciddi bir xəstəliyin əlaməti də ola bilər. Gözlənilməz yuxulama halları ilə xarakterizə olunan həmin xəstəlik narkolepsiya adlanır.
Xəstələr gün ərzində qəfildən yuxulamağa müqavimət göstərə bilməyərək istənilən vaxt yuxuya gedir. Hətta bu, bəzən sükan arxasında olarkən, imtahan və iş zamanı da baş verə bilər. Yuxu bir neçə saniyədən yarım saata qədər davam edə bilər. Xəstə diqqətini cəmləyə bilmir, gözlərini bağlayanda dərhal yuxu görür. Xəstəliyin səbəbləri müxtəlif olur.
Bakı Sağlamlıq Mərkəzinin həkim-nevropatoloqu Sevinc Salamova AZƏRTAC-a deyib: "Narkolepsiya istənilən yerdə və istənilən vaxtda xəstənin özündən asılı olmayaraq baş verə bilən haldır. Belə xəstələrin xüsusi təhlükəli məkanlarda işləməsi və olması düzgün deyil. Yuxululuq halları müəyyən fasilələrlə olur. Çox qısa zaman kəsiyi ilə bir neçə dəfə təkrarlanması da, gün ərzində bir-iki dəfə təsadüf olunması da mümkündür. Stress, fiziki yorğunluq və yaxud hansısa zərərli adətlər yuxunun tezləşməsi üçün şərait yarada bilər".
Narkolepsiyanın ən çox təsadüf olunan əlamətləri taxikardiya, tərləmə, gecə yuxusunun pozulması, fikir dağınıqlığı, şüur bulanıqlığı, baş ağrısı, narahatlıqdır. Xəstəliyin müalicəsi isə bir qədər çətindir.
"Yaşlaşma və ağırlaşma halları qeyd olunur. Ağırlaşma zamanı həmin xəstələrin xarakterində müəyyən dəyişikliklər baş verir, kobudluq, aqressiya olur, bəzi hallarda isə depressiya da müşahidə edilir. Xroniki proses olduğuna görə tam sağalma bir qədər mübahisəli məsələdir. Müalicə prosedurları zamanı psixostimulyatorlardan istifadə olunur. Simptomatik olaraq fiziki yorğunluq və ya depressiya əlamətləri, aqressiya, davranış pozğunluqları olduqda həmin hallara uyğun müalicə aparılır", - deyə həkim-nevropatoloq qeyd edib.
Hazırda həmin xəstəlik tam müalicə olunmadığından simptomları yüngülləşdirən müalicə tətbiq edilərək xəstə normal həyat tərzinə qayıdır.