DÜNYA
Birləşmiş Ştatların sutkalıq neft hasilatı azalır
Bakı, 4 iyun, AZƏRTAC
ABŞ-ın gündəlik xam neft istehsalı azalıb.
AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir. Bildirilir ki, ötən hesabat həftəsində ABŞ-ın neft hasilatı 232 min barrel azalaraq sutkada orta hesabla 11,2 milyon barrel olub.
Bu il fevralın 22-28-ni əhatə edən həftədə isə ABŞ-ın neft hasilatı gündəlik orta hesabla 13,1 milyon barrelə çataraq rekord səviyyəyə yüksəlmişdi.
Keçən həftə ABŞ-ın neft idxalı əvvəlki həftəyə görə 1 milyon barrel azalaraq sutkada 6,1 milyon barrel, neft ixracı da əvvəlki həftə ilə müqayisədə 382 min barrel geriləyərək gündəlik 2,8 milyon barrel təşkil edib.
EIA-nın proqnozuna görə, ABŞ-ın neft hasilatının cari ildə sutkalıq orta hesabla 11,7 milyon barrel olacağı gözlənilir.
Qeyd edək ki, ABŞ 2018-ci ilin noyabrında Səudiyyə Ərəbistanı və Rusiyanı geridə qoyaraq dünyanın ən böyük neft istehsalçısı olub.