ELM VƏ TƏHSİL
Magistrantın dissertasiya işi onlayn formada müzakirə olunub
Bakı, 4 iyun, AZƏRTAC
AMEA İnformasiya Texnologiyaları İnstitutunun növbəti elmi seminarı onlayn formada keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbiri giriş sözü ilə AMEA-nın vitse-prezidenti, institutun direktoru, şöbə müdiri, akademik Rasim Əliquliyev açaraq seminarın “Vətəndaş məmnunluğu əsasında e-xidmətlərin qiymətləndirilməsi” mövzusunda magistr dissertasiya işinin müzakirəsinə həsr olunduğunu bildirib.
Sonra institutun magistrantı Ayşən Fərəcova tədqiqat işini təqdim edib. O, məsələnin aktuallığını önə çəkərək e-dövlət xidmətlərinin göstərilməsi və qarşılıqlı mübadiləsinin daha rahat, faydalı və sərfəli imkanlar təklif etdiyini deyib. İşin əsas məqsədinin e-dövlət portalları tərəfindən göstərilən xidmətləri vətəndaş məmnunluğu vasitəsilə analiz etmək və çoxmeyarlı qərar qəbuletmə (ÇMQQ) metodları əsasında qiymətləndirməkdən ibarət olduğunu diqqətə çatdırıb.
Məruzəçi bildirib ki, dissertasiya işində beynəlxalq təcrübədə e-dövlət quruculuğu və e-xidmətlərin göstərilməsi istiqamətində görülən işlər, e-dövlətdə e-xidmətlərin istifadəsi sahəsində vətəndaş məmnuniyyətinin vəziyyəti, vətəndaş yönümlü e-xidmətlərin müxtəlif aspektlərdən müqayisəli analizi və digər aktual məsələlərə baxılıb.
O, e-dövlət xidmətlərinin göstərilməsi sahəsində dünya təcrübəsindən də danışıb. Avstraliya, Sinqapur, Cənubi Koreya, Finlandiya və Estoniyada e-dövlət xidmətləri, e-dövlət tətbiqləri, e-dövlət siyasəti, bu ölkələrdə e-dövlət portallarından istifadə ilə bağlı ətraflı məlumat verib. Həmçinin ölkəmizdə fəaliyyət göstərən Elektron Viza Sistemi, Vahid Giriş Sistemi, Elektron Ödənişlər Sistemi, Milli Məlumatlandırma Sistemi və s. haqqında danışıb.
“Vətəndaş məmnuniyyəti keyfiyyət menecmentinin əsas prinsipidir”, – deyən tədqiqatçı vətəndaşyönümlü xidmət konsepsiyasını tətbiq etmək üçün vətəndaş gözləntilərinin nə olduğunu bilməyin vacibliyini vurğulayıb.
Dissertasiya işində alınmış əsas nəticələrdən bəhs edən məruzəçi, e-dövlət quruculuğu və e-xidmətlərin göstərilməsi sahəsində beynəlxalq təcrübənin araşdırıldığını, e-dövlətdə e-xidmətlərin istifadəsi və vətəndaş məmnuniyyətinin mövcud vəziyyətinə baxıldığını, vətəndaş yönümlü e-xidmətlərin müxtəlif aspektlərdən müqayisəli analizinin aparıldığını və e-xidmətlərin qiymətləndirilməsinə təsir edən meyarların müəyyən edildiyini diqqətə çatdırıb. A.Fərəcova, həmçinin e-dövlətin inkişafı üçün prioritetlər, e-dövlət üçün yeni rəqəmsal yanaşma, e-dövlətin inkişaf istiqamətləri, vətəndaş məmnuniyyətinə təsir edən meyarlar barədə ümumi məlumat verib.
Akademik R.Əliquliyev məruzə ilə bağlı tövsiyələrini bölüşərək mövzunun müasir dövrümüzdə böyük aktuallıq kəsb etdiyini deyib. Alim vətəndaş məmnunluğu sahəsində baxış və parametrlərin dərindən araşdırılmasının, eləcə də koronavirus pandemiyası dövründə e-dövlət xidmətlərindən istifadə ilə bağlı tədqiqatların aparılmasının vacibliyini qeyd edib.
Daha sonra seminarda doktorant və dissertantlarının elmi fəaliyyətləri ilə bağlı müzakirələr aparılıb.
AMEA-nın vitse-prezidenti əməkdaşları koronavirus pandemiyası dövründə xüsusi karantin rejiminin tələbləri və sosial izolyasiya qaydalarına riayət etməyə, sağlamlıqlarını qorumağa, eyni zamanda, elmi fəaliyyətlərini davam etdirməyə çağırıb.