CƏMİYYƏT
Cənubi Qafqazda ilk biosfer rezervatı Azərbaycanda yaradılır
Bakı, 5 iyun, AZƏRTAC
Azərbaycanda “Zaqatala–Balakən biosfer rezervatının yaradılması” layihəsinə start verilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Arzu Səmədova AZƏRTAC-a bildirib ki, layihə çərçivəsində Zaqatala Dövlət Təbiət Qoruğunun bazasında yaradılacaq Zaqatala-Balakən biosfer rezervatı həmin bölgədə ekoturizmin inkişafına və yerli əhalinin məşğulluğunun artırılmasına şərait yaradacaq, insanların flora və faunaya zərər vermədən təbiət gözəlliklərini görməsi üçün hərəkət cığırları, seyr nöqtələri müəyyənləşdiriləcək. Qoruqdan fərqli olaraq biosfer rezervatın ərazisinə ekoturistlərin girişi açıq olacaq.
Nazirlik rəsmisi biosfer qoruğunun yaxın qonşularımız Türkiyə, Rusiya, Belarusda da mövcud olduğunu, lakin Cənubi Qafqaz regionunda ilk dəfə Azərbaycanda yaradılacağını vurğulayıb.
O qeyd edib ki, bununla da bölgədə ekoloji və kənd turizminin stimullaşdırılmasına, əhalinin sosial-iqtisadi rifahının yüksəldilməsinə şərait yaranacaq. Biosfer rezervatda müasir tələblərə cavab verən infrastruktur qurulacaq, alternativ və bərpa olunan enerji mənbələri ilə təmin olunacaq. Eyni zamanda, burada ekoloji təmiz məhsulların istehsalı üçün təsərrüfat yaradılacaq: “Biosfer rezervatın özəlliklərindən biri də odur ki, burada istehsal olunan orqanik məhsullar qoruğun loqosu ilə qablaşdırılacaq və bir sıra ölkəyə ixrac olunan zaman gömrük rüsumundan azad olunacaq. Həmçinin layihə çərçivəsində ətraf ərazilərdə təsərrüfat fəaliyyəti ilə məşğul olan şəxslərə kiçikhəcmli qrantların verilməsi də planlaşdırılır”.
A.Səmədova onu da bildirib ki, layihə Almaniyanın İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyi tərəfindən maliyyələşdirilir və icra müddəti 4 ildir.