REGİONLAR
Gəncədə gücləndirilmiş və genişmiqyaslı dezinfeksiya işləri aparılıb
Gəncə, 6 iyun, Rauf Hacıyev, AZƏRTAC
Nazirlər Kabinetinin müvafiq qərarına əsasən ölkənin dörd şəhər və bir rayonunda tətbiq olunan sərt karantin rejimi nəticəsində Gəncənin küçələri sükuta qərq olub. Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən yeni növ koronavirus (COVID-19) infeksiyasının daha da genişlənməsinin qarşısının alınması məqsədi ilə həyata keçirilən kompleks tədbirlər isə davam etdirilir. Prezident İlham Əliyevin tapşırıq və göstərişlərinə uyğun olaraq aparılan tibbi-profilaktik tədbirlər çərçivəsində Gəncənin mərkəzi hissəsində, o cümlədən qəsəbə və yaşayış massivlərində gücləndirilmiş dezinfeksiya işləri aparılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, işlərə Gəncə Şəhər Dezinfeksiya Stansiyasının əməkdaşları və Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin texnikaları cəlb olunub.
Gəncənin əsas küçə və prospektləri su çiləyici avtomobillər vasitəsilə xüsusi kimyəvi məhlulla yuyulub. Səkilərdə, yol kənarlarında, park və meydanlarda, obyektlərin qarşısında da tibbi-profilaktiki işlər görülüb. Bununla yanaşı, yaşayış binalarında, həyət və yaşayış məhəllələrində, buradakı idman-əyləncə qurğularında da dezinfeksiyaedici tədbirlər həyata keçirilib.
Gəncə Şəhər Baş Polis İdarəsi də keçirilən genişmiqyaslı dezinfeksiya işlərinə dəstək verib.