CƏMİYYƏT
Şahmar Mövsümov: Koronavirusla mübarizədə qalib gəlmək üçün hamımız səfərbər olmalıyıq
Bakı, 3 iyul, AZƏRTAC
Koronavirus ümumxalq problemidir və bu problemlə mübarizədə hamımız səfərbər olmalıyıq.
AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Operativ Qərargahın iyulun 3-də keçirilən brifinqində bildirib.
Prezidentin köməkçisi qeyd edib ki, koronavirus qlobal problemdir. Əvvəllər hansısa hadisə baş verəndə dünya təcrübəsinə də müraciət edilirdi. Lakin indi elə vəziyyət yaranıb ki, bununla bağlı dünya təcrübəsi yoxdur. Bu gün yoluxma sayı yüksək həddə qalır. Biz bütün dünyanın üzləşdiyi problemlə qarşı-qarşıyayıq. Bu problemlə mübarizədə hamımız iştirak etməklə virusa qalib gələ bilərik. Bu isə çətin deyil, sadə yollarla - sosial məsafə saxlamaq, tibbi maskadan istifadə etmək və gigiyenik qaydalara əməl etməklə koronavirusa qalib gələ bilərik.
Şahmar Mövsümov deyib ki, Azərbaycanda yayılmağa başladığı ilk gündən etibarən koronavirusun qarşısının alınması üçün lazımi addımlar atıldı və göstərişlər verildi. İqtisadi sahədə dövlətimizin başçısının Fərmanına uyğun olaraq 4 işçi qrup yaradıldı, tədbirlər planı hazırlandı. Bu tədbirlər planı makroiqtisadi sahənin, həm də sosial sahənin inkişafına, dayanıqlılığına yönəlib.