ELM VƏ TƏHSİL
Aşqarlar Kimyası İnstitutunda motor yağı üçün aşqar paketləri hazırlanıb
Bakı, 4 iyul, AZƏRTAC
2020-ci ilin birinci yarısında Azərbaycan Milli Elmlər Akademiyasının Aşqarlar Kimyası İnstitutunda (AKİ) mövzu planına uyğun olaraq bir üstün istiqamət və iki problem üzrə elmi tədqiqat işləri həyata keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, hesabat dövründə sürtkü yağlarının, yanacaqların və xüsusi mayelərin istismar xassələrini yaxşılaşdıran müxtəlif funksiyalı aşqarların hazırlanması işlənilib. Korroziya inhibitorları və səthi-aktiv maddələrin sintezi və alınma texnologiyasının elmi əsasları işlənilib. Müxtəlif təyinatlı yüksək keyfiyyətli sürtkü yağlarının və xüsusi mayelərin yaradılması, onların istehsalı ilə əlaqədar yeni xammal mənbələrinin müəyyənləşdirilməsi tədqiq olunub. Bu istiqamətdə mövcud mənbələrdən səmərəli istifadə olunması, fizioloji fəal üzvi birləşmələrin sintezi və tədqiqi sahəsində fundamental tədqiqatlar aparılıb.
Motor yağlarına çoxfunksiyalı aşqarların yeni modifikasiyalarının yaradılması istiqamətində tədqiqatlar davam etdirilib, yeni aşqarın sintezinin optimal şəraiti tapılıb. Tədqiqatlar nəticəsində aydınlaşdırılıb ki, aşqarın korroziyaya və oksidləşməyə qarşı xassələri analoqlarından üstündür. Eyni zamanda, əvvəlki illərdə alınan aşqarlardan istifadə edərək motor yağı hazırlanıb. Sınaqlar motor yağının xarici analoqu olan “Shell” firmasının yağı ilə eyni səviyyədə olduğunu təsdiq edib. İnstitutda sintez edilən digər aşqarlardan istifadə etməklə motor yağı üçün AKİ aşqar paketi hazırlanıb.