REGİONLAR
Qəbələdə xüsusi karantin rejimi ilə bağlı reydlər davam etdirilir
Qəbələ, 6 iyul, Mustafa Dadaşov, AZƏRTAC
Koronavirus infeksiyasının yarada biləcəyi təhlükəni aradan qaldırmaq məqsədilə ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimi qaydalarının təmin olunması üçün Qəbələ rayonunda ciddi nəzarət tədbirləri həyata keçirilir. Rayon icra hakimiyyəti yanında yaradılan qərargahın üzvləri və polis əməkdaşlarından ibarət mobil qruplar karantin rejimi ilə əlaqədar müəyyən edilmiş qaydalara əməl olunması vəziyyətini öyrənmək və tədbir görmək üçün ticarət, ictimai iaşə və digər obyektlərdə mütəmadi olaraq reydlər keçirir. Reydlər zamanı vətəndaşlara tibbi maskadan istifadənin və sosial məsafənin saxlanılmasının vacibliyi xüsusi olaraq diqqətə çatdırılır.
Qəbələ Rayon İcra Hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, son üç gündə 63 ticarət, 160-dək ictimai iaşə və digər obyektə baxış keçirilib. Reydlərin nəticəsi olaraq, 24 ticarət, 47 ictimai iaşə və digər obyektə, 110 vətəndaşa qoruyucu vasitələrdən, o cümlədən tibbi maskalardan istifadə etmədiklərinə görə xəbərdarlıq edilib. Qaydalara əməl etmədiklərinə görə 6 ticarət obyektinin, 5 avtomobil təmiri sexinin və bir bərbərxana köşkünün sahibi İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə 200 və 100 manat məbləğində cərimə olunub.
Nazirlər Kabineti yanında Operativ Qərargahın tələblərinin yerinə yetirilməsi vəziyyətinin öyrənilməsi məqsədilə rayonda reydlər və maarifləndirmə tədbirləri davam etdirilir.