ELM VƏ TƏHSİL
Botanika İnstitutunun əməkdaşları Azərbaycanın müxtəlif rayonlarında etnobotaniki araşdırmalar aparıblar
Bakı, 9 iyul, AZƏRTAC
Azərbaycan florasına daxil olan ali bitkilərin bir çoxu dərman, iqtisadi, qida və yem əhəmiyyətlərinə görə insanların əsas ehtiyacları üçün istifadə olunur. XX əsrin ortalarından etibarən təhlükə törədən amillərin sayı artıb, insan fəaliyyəti nəticəsində bəzi ərazilərdə bitki örtüyü deqradasiyaya uğrayıb, bir çox bitki növləri məhv olub və ya onların sayı kəskin surətdə azalmağa başlayıb. AMEA Botanika İnstitutunun nəzdində fəaliyyət göstərən Etnobotanika laboratoriyasının əməkdaşları tez-tez Azərbaycanın müxtəlif rayonlarına ekspedisiyalara gedir, monitorinqlər aparırlar, bitki müxtəlifliyinin öyrənilməsi ilə yanaşı, onların yerli əhali tərəfindən istifadəsinə dair məlumat toplayırlar.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, cari ilin iyun-iyul aylarında Etnobotanika laboratoriyasının müdiri, professor Səyyarə İbadullayeva, elmi işçiləri Gülnarə Şirəliyeva, Nuri Mövsümova, Nailə Əsgərova və Həsrət Məmmədova tərəfindən Böyük Qafqaz üzrə Zaqatala, Qax, Şəki, Kiçik Qafqaz üzrə Daşkəsən, Gədəbəy və Göygöl rayonlarında 6 marşrut üzrə monitorinqlər həyata keçirilib. Monitorinqin əsas məqsədi regionlarda antropogen təsirə məruz qalan bitkilərin ayrı-ayrı sistematik qrupların müasir metodlarla öyrənilməsi və bioekoloji xüsusiyyətlərinin müəyyən edilməsi, həmçinin bitki müxtəlifliyinin vəziyyətinin qiymətləndirilməsi olub. Eyni zamanda, rayonlarda yerli icmalar üçün treninqlər keçirilib və bitkilərin toplanılması zamanı xüsusi qaydalara diqqət edilməsinin vacibliyi açıqlanıb. Nəticədə bəzi faydalı bitkilərdən xammal ehtiyatı toplanıb, qurudulub və laboratoriyada tərkibinin öyrənilməsi üçün hazırlanıb. Beş yüzə qədər yığılmış herbari materialın identifikasiya olunması və institutun Herbari fonduna təhvil verilməsi nəzərdə tutulur.