DÜNYA
Birləşmiş Ştatların neft hasilatı artıb
Bakı, 9 iyul, AZƏRTAC
ABŞ-ın sutkalıq xam neft istehsalı 11 milyon barrel səviyyəsindədir.
AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir. Bildirilir ki, ötən hesabat həftəsində ABŞ-ın neft hasilatı 36 min barrel artaraq sutkada orta hesabla 11 milyon barrel olub.
Bu il fevralın 22-28-ni əhatə edən həftədə isə ABŞ-ın neft hasilatı gündəlik orta hesabla 13,1 milyon barrelə çataraq rekord səviyyəyə yüksəlmişdi.
Keçən həftə ABŞ-ın neft idxalı əvvəlki həftəyə görə 1,42 milyon barrel artaraq sutkada 7,39 milyon barrel, neft ixracı isə əvvəlki həftə ilə müqayisədə 705 min barrel geriləyərək gündəlik 2,38 milyon barrel təşkil edib.
EIA-nın proqnozuna görə, ABŞ-ın neft hasilatının cari ildə sutkalıq orta hesabla 11,6 milyon barrel olacağı gözlənilir.
Qeyd edək ki, ABŞ 2018-ci ilin noyabrında Səudiyyə Ərəbistanı və Rusiyanı geridə qoyaraq dünyanın ən böyük neft istehsalçısı olub.