REGİONLAR
Tovuzda bir şəhər və 4 kəndi əhatə edən yollar yenidən qurulur VİDEO
Bakı, 9 iyul, AZƏRTAC
Tovuz rayonunda bir şəhər və 4 kəndi əhatə edən və ümumi uzunluğu 36 kilometr olan avtomobil yollarının əsaslı şəkildə yenidən qurulması işləri davam etdirilir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, bu, M2 Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolundan ayrılan və Əyyublu kəndinin uzunluğu 17 kilometr olan, Aran kəndinin 4,4 kilometr uzunluğunda, Qovlar şəhərinin 2 yaşayış məntəqəsinin 7,6 kilometrlik, həmçinin Aşağı Quşçu kəndinin uzunluğu 5 kilometr və Koxanəbi kəndinin 2 kilometrlik avtomobil yollarıdır.
Sözügedən yolların hər biri IV texniki dərəcəyə uyğun olaraq yenidən qurulur. Layihəyə uyğun olaraq yollar boyu torpaq yatağının yararsız qruntu qazılaraq çıxarılır, əvəzinə yararlı material tökülərək kipləşdirmə işləri aparılır və yeni yol yatağı inşa olunur. Bu işlərə paralel olaraq suların ötürülməsi üçün müxtəlif diametrlərə malik yeni suötürücü dəmir-beton boruların tikintisi işləri də aparılır.
Torpaq yatağının tikintisi yekunlaşan ərazilərdə optimal-qırmadaş və qum-çınqıl qarışığından ibarət yeni yol əsasının inşası görülür. Texnoloji ardıcıllığa əsasən növbəti mərhələdə yollara 2 laydan ibarət yeni asfalt-beton örtüyünün döşənməsi işlərinə də başlanılıb. Qeyd olunan işlər ümumilikdə yolların 200 min kvadratmetrdən çox sahəsində aparılacaq. Asfaltlanan ərazilərdə çiyinlərin lazımi materialla bərkidilməsi işləri də görülür.
Tərtib olunmuş qrafikə uyğun işlərin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub. Sözügedən işlər 5 yaşayış məntəqəsinin 30 mindən çox əhalisinin M2 Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yoluna rahat çıxış əldə etməklə respublikanın bütün istiqamətlərinə hərəkətini xeyli dərəcədə asanlaşdıracaq.