REGİONLAR
Astaranın Ərçivan qəsəbəsində yeni uşaq bağçası-körpələr evi tikilir
Astara, 9 iyul, Bağır Əliyev, AZƏRTAC
Astara rayonunun Ərçivan qəsəbəsində yeni uşaq bağçası-körpələr evinin tikintisi davam edir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ötən əsrin 70-ci illərində inşa edilmiş uşaq bağçasının binası yararsız vəziyyətə düşdüyündən bu ilin yanvar ayından köhnə tikilinin yerində 3600 kvadratmetr ərazidə tikinti işlərinə başlanılıb.
Səksən yerlik məktəbəqədər təlim və tərbiyə müəssisində uşaqların rahatlığı, istirahəti və ilkin biliklərə yiyələnmələri üçün hər cür şərait yaradılacaq.
İkimərtəbəli məktəbəqədər təhsil müəssisəsində müxtəlif yaş qrupları üçün məşğələ və yataq otaqları, idman və musiqi zalları, yeməkxana, həkim otağı, qəbul otağı, mətbəx, sanitar qovşağı inşa edilib. Otaqlar zəruri avadanlıq və əyani vəsaitlərlə, mebel dəstləri ilə təchiz olunacaq. Burada hər birində 20 uşaq olmaqla, dörd qrup fəaliyyət göstərəcək.
Uşaq bağçasının həyətində xüsusi istirahət guşələri yaradılacaq, müasir uşaq əyləncə qurğuları quraşdırılacaq, üç açıq çardaq və kiçik idman meydançası inşa ediləcək.