REGİONLAR
Lənkəranda pandemiya dövründə könüllülərin fəaliyyəti və məşğulluq imkanları mövzusunda onlayn tədbir keçirilib
Lənkəran, 10 iyul, Bağır Əliyev, AZƏRTAC
İyulun 10-da Lənkəran Şəhər İcra Hakimiyyəti, şəhər Gənclər və İdman İdarəsi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Lənkəran nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Lənkəranda pandemiya dövründə könüllülərin fəaliyyəti və pandemiyadan sonrakı mərhələdə onların məşğulluq imkanları” mövzusunda onlayn tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə çıxış edən Milli Məclisin deputatı Rüfət Quliyev dünyanı cənginə almış koronavirus pandemiyası ilə mübarizədə dövlətin həyata keçirdiyi tədbirlərdən danışıb. O, vətəndaşların pandemiya dövrünün xüsusi qaydalarına ciddi riayət etməklə xəstəliyə qalib gəlməyin mümkün olacağını vurğulayıb, pandemiyadan sonrakı dönəmdə gənclərin məşğulluq imkanları barədə təkliflərini bildirib.
Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin rəisi Mikayıl Cəfərzadə və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Lənkəran nümayəndəliyinin direktoru Famil Məmmədov çıxışlarında vətəndaşların xüsusi karantin rejiminin qaydalarına əməl edilməsi ilə əlaqədar həyata keçirilmiş tədbirlər barədə ətraflı məlumat verib, könüllülərin də pandemiya ilə mübarizə tədbirlərində fəal iştirak etdiklərini diqqətə çatdırıblar.
Onlayn tədbirdə gəncləri maraqlandıran suallar cavablandırılıb.