DÜNYA
Əfqanıstanda beş ayda 2,6 mindən çox dinc sakin həlak olub və yaralanıb
Bakı, 15 iyul, AZƏRTAC
Əfqanıstanda son beş ayda müxtəlif hücumlar nəticəsində 2,6 mindən çox dinc sakin həlak olub və yaralanıb.
AZƏRTAC TOLO News telekanalına istinadla xəbər verir ki, ölkədə yanvarın 21-dən iyunun 20-nə qədər həlak olanlar və xəsarət alanlar 2 min 685 nəfər təşkil edib. “Taliban” hərəkatı ilə ABŞ arasında əldə olunan sülh sazişindən sonra mülki əhali arasında itkilər artıb. Belə ki, yanvarın 21-dən fevralın 19-na qədər 351, fevralın 20-dən martın 19-na qədər isə 553 dinc sakin həlak olub.
Telekanalın məlumatına əsasən, beş ay ərzində “Taliban” hərəkatı 5943 hücum, hökumət qüvvələri isə 1569 əməliyyat həyata keçirib.
Qeyd edək ki, Əfqanıstanda sülh prosesinin başlamasına baxmayaraq “Taliban” hərəkatı ilə hökumət qüvvələri arasında qarşıdurma davam edir. Fevral ayının sonlarında Qətərdə ABŞ və “Taliban” hərəkatı 18 ildən çox davam edən müharibə ərzində ilk sülh sazişi imzalayıb. Sülh sazişi 14 ay ərzində xarici qüvvələrin ölkədən çıxarılmasını və tərəflər arasında dialoqun başlamasını nəzərdə tutur.