CƏMİYYƏT
İstənilən pozucu fəaliyyətə qarşı öz vətəndaş mövqeyimizi nümayiş etdirməliyik
Bakı, 15 iyul, AZƏRTAC
İyulun 14-15-də Azərbaycan Ordusuna dəstək məqsədilə keçirilmiş aksiya cəmiyyətimizdə vətənpərvərlik ruhunun yüksək olduğunu bir daha nümayiş etdirdi. Aksiya iştirakçılarının vətənpərvərliyi, onların səfərbərlik elan olunması istəyi, ordu sıralarında qulluq etmək niyyəti həqiqətən də qürurverici haldır. Azərbaycan cəmiyyətində vətənpərvərlik əhval-ruhiyyəsi hər zaman yüksək olub. Təbii ki, orduya dəstək hər bir vətəndaşın borcudur və bu məqsədlə müxtəlif tədbirlərin, aksiyaların keçirilməsi də təbii haldır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva deyib.
Deputat təəssüfləndiyini bildirib ki, bütün bunların fonunda gecə saatlarında yaradılmış şəraitdən sui-istifadə halları da müşahidə edilib. Məqsədli şəkildə prosesə siyasi məzmun verməyə, pozuculuq fəaliyyətinə cəhdlər də göstərilib. Eyni zamanda, sosial şəbəkələr vasitəsilə arzuolunmaz proseslərin baş verməsi barədə dezinformasiyalar da yayılıb. Hazırda sərhəddə hərbi əməliyyatlar getdiyi bir vaxtda paytaxtda iğtişaş yaratmaq cəhdləri, Milli Məclisin binasına zorla girməsi, polislərə qarşı zor tətbiq olunması, ilk növbədə, vətəndaşlıq mövqeyinə ziddir, bu, eyni zamanda, qanunlara hörmətsizlikdir.
K.Nurullayeva diqqətə çatdırıb ki, müstəqilliyin ilk illərində ölkəmizdə baş verən xaos xalqımızın yaddaşından silinməyib. Bu gün Azərbaycan güclü dövlətdir, əldə olunmuş təhlükəsizlik, əmin-amanlıq, sabitlik, inkişaf və sosial rifah müstəqillik dövrümüzün ən böyük nailiyyətləridir: “Bu gün belə həssas dövrdə istənilən pozucu fəaliyyətə qarşı öz vətəndaş mövqeyimizi nümayiş etdirməliyik. Buna görə də istər pandemiya ilə mübarizədə, istərsə də cəbhədə düşmənə qarşı milli birlik, həmrəylik nümayiş etdirməliyik. Hər birimiz sabitliyi qoruyub saxlamaq üçün bütün səylərimizi səfərbər etməliyik”.