REGİONLAR
Masallı və Cəlilabadda tibbi maskadan istifadə etməyənlər cərimələniblər
Cəlilabad, 4 avqust, Bağır Əliyev, AZƏRTAC
Masallı və Cəlilabad Rayon Polis şöbələrinin əməkdaşları tərəfindən qapalı məkanlarda təşkil olunan reydlər zamanı koronavirus infeksiyası ilə mübarizə məqsədilə tibbi və gigiyenik vasitələrdən istifadənin zəruriliyi bir daha vətəndaşların diqqətinə çatdırılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, market və digər ticarət obyektlərində keçirilən tədbirlər zamanı vətəndaşların əksəriyyətinin tibbi maska ilə bağlı tələblərə riayət etdikləri aşkar olunsa da, xüsusi karantin rejiminin tələblərinə, özünün və ətrafdakıların səhhətinə qarşı laqeydlik göstərənlərə də rast gəlinib.
Reydlər zamanı müştərilərlə yanaşı, bəzi satıcıların da tibbi maskadan istifadə etmədiyi aşkar olunub.
Xüsusi karantin rejimi qaydalarını pozanlarla profilaktik söhbətlər aparılıb, onlara koronavirus xəstəliyinin fəsadları barədə məlumat verilib.
Polis əməkdaşları tərəfindən edilən profilaktik söhbətlərə və xəbərdarlıqlara baxmayaraq, qaydaları pozan şəxslər barəsində isə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq protokol tərtib edilib və cərimələniblər.