REGİONLAR
Bu il Balakənin fındıq bağlarından 6 min tonadək məhsul gözlənilir
Balakən, 7 avqust, Mustafa Dadaşov, AZƏRTAC
Balakən rayonunun fındıq bağlarında builki mövsümün ilk məhsulunun yığımına başlanılıb. Cari ildə bağlardan 6 min tonadək məhsul tədarük olunması gözlənilir.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Balakən Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Şahin Rəhimli məlumat verib.
Bildirilib ki, Azərbaycan Prezidentinin kənd təsərrüfatının ixrac potensialı yüksək olan sahələrindən fındıqçılığın inkişaf etdirilməsi ilə bağlı verdiyi tapşırıqlar Balakən rayonunda da uğurla icra olunur. Belə ki, son illər rayon ərazisində 4 min 765 hektar sahədə yeni fındıq bağları salınaraq, bağların ümumi sahəsi 10 min 542 hektara çatdırılıb. Bu bağların 5 min 571 hektarı barverəndir.
2019-cu ildə Balakən rayonunda fındıq bağlarından 6 min 262 ton məhsul tədarük olunub. Rayon əhalisi fındıqçılıqdan 18 milyon manatdan çox gəlir əldə edib. Hazırda Balakən bazarında fındığın bir kiloqramının satış qiyməti 2 manat 80 qəpikdir.