İQTİSADİYYAT
Abbas Müsəvi: İran ilə Azərbaycan daha sıx əməkdaşlıq üçün böyük iqtisadi potensiala malikdirlər
Tehran, 7 avqust, AZƏRTAC
İran ilə Azərbaycan daha sıx əməkdaşlıq üçün böyük iqtisadi potensiala malikdirlər.
AZƏRTAC xəbər verir ki, bu sözləri yerli mətbuata açıqlamasında İranın Azərbaycandakı səfiri Seyid Abbas Müsəvi deyib. O bildirib ki, bu potensialdan istifadə edərək ticarət dövriyyəsini artırmaq lazımdır. Dövriyyənin artması hər iki dost və qonşu dövlətlərin maraqlarına cavab verir və istehsal prosesinin sürətlənməsinə imkan yaradır.
Diplomat qeyd edib ki, İran Azərbaycan ilə həmsərhəd olduğu üçün sərhədyanı vilayətlərin iqtisadi-ticarət əlaqələrinin inkişafı üçün yeni addımlar atılmalı, iş adamlarının və şirkətlərin əlaqələrinin daha da genişlənməsi üçün tədbirlər görülməlidir.
S.A.Müsəvi nəzərə çatdırıb ki, İranın Qərbi Azərbaycan vilayəti ilə Azərbaycan arasında geniş mədəni, elmi və iqtisadi əlaqələri mövcuddur. Lakin hər iki dövlətin potensialı bu əlaqələrin daha geniş sahələri əhatə etməsinə imkan verir.
Səfir qeyd edib ki, beynəlxalq nəqliyyat marşrutlarının İran və Azərbaycan ərazilərindən keçməsi dövlətlərin iqtisadi inkişafına böyük təkan verəcək.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran